
"Hansı təəssüratlar ola bilər? Məncə, bu, utancdır".
Sportnet.az xəbər verir ki, bunu Ukrayna yığmasının qapıçısı Anatoli Trubin Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə etdikləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından sonra deyib.
Milliyə Portuqaliya "Benfika"sından çağırılmış 24 yaşlı qolkiper nəticədən narazılıq ifadə edib: "Bu, çox-çox pis nəticədir. Çünki belə matçlarda və belə rəqiblərlə oyunlarda qalib gəlmək lazımdır. Nə və necə olması vacib deyil. İrəli getmək istəyiriksə, qalib gəlmək lazımdır. Hər kəs şəxsi və fərdi qaydada düşünməlidir. Növbəti toplanış həlledici olacaq. Buna görə də nə isə istəyiriksə, tapşırıqları necə yerinə yetirəcəyimizi düşünmək lazımdır".
Trubin azarkeşlərdən razılıq ifadə edib: "Onlar hər zamankı kimi, ən yaxşılarıdır. Azarkeşlərə heç bir iradımız yoxdur. Harada oynamağımız önəmli deyil - bizi hər zaman dəstəkləyirlər. Buna görə də çox sağ olsunlar".
Qeyd edək ki, Anatoli Trubin qolu 72-ci dəqiqədə penaltidən buraxıb. Həmin zərbəni Emin Mahmudov dəqiq yerinə yetirib.