
"Zirə"nin məğlubiyyəti yox idi. Evdə oynayırdıq, qələbə bizə çox lazım idi". Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Topaz Premyer Liqasının IX turunda "Zirə" üzərində 2:1 hesablı qələbəni şərh edərkən deyib.
Matçın 83-cü dəqiqəsində komandasının qələbə qoluna imza atan təcrübəli müdafiəçi deyib ki, "Sumqayıt" Avropa Liqasında mübarizə aparmaq istəyirsə, bu cür oyunlarda qalib gəlməlidir: "Önəmli qələbə qazandıq. Lakin artıq bu matçı unutmalıyıq. Qarşıdan "Neftçi" ilə oyunumuz gəlir".
Qarşılaşmanın 38-ci dəqiqəsində "Sumqayıt"ın bərabərlik qoluna imza atan Amil Yunanov da fikirlərini bölüşüb: "Həm çətin, həm də maraqlı oyun oldu. Qol imkanlarımızın çoxundan istifadə edə bilməsək də, qələbə qazandıq. Vacib olan nəticədir. "Zirə" də 8 tur idi uduzmurdu. Qələbə münasibəti ilə bütün azarkeşlərimizi təbrik edirəm".
Qeyd edək ki, matçda ilk qolu 4-cü dəqiqədə "Zirə"nin futbolçusu Sadio Tounkara vurub.