"Komandamızla qürür duyuram. Çox çətin qələbə qazandıq. Azarkeşlər də möhtəşəm idilər. Çox yaxşı oynadıq. Rəhman Hacıyevə təşəkkürümü bildirirəm. Çünki o, mənim səhvimi sığortaladı və qələbə qolunu vurdu".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu İqnasio Herrera "Sumqayıt"ı evdə 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının X tur matçından sonra deyib. O, matçdan sonra jurnalistlərin digər suallarını da cavablandırıb...
- Rəhman Hacıyev topa yaxınlaşanda qol olacağını düşündünmü?
- Əlbəttə. Rəhmanın çox yaxşı zərbəsi var. Cərimə zərbələrinin ustasıdır. Bu bacarığını məşqlərdə və oyunlarda da göstərir. Bir anlıq fikirləşdim ki, o, birbaşa qapıya zərbə endirəcək. Vurdu və qol alındı. Məşqlərdə də bu tip zərbələr vurur.
- Elxan Abdullayevin vaxtında da komandada idin. Azarkeşlər də çox idi. Hiss edirsənmi ki, bu qələbələr, Tərlan Əhmədovun gəlişi "Neftçi”yə inam yaradıb?
- Tərlan Əhmədov tələbkardır. Sabiq baş məşqçiyə gəlincə, heç kimin dalınca pis danışmaq istəmirəm. Bəlkə də bu, bizim səhvimiz idi. Oyunumuz alınmırdı. Xal qazana, qələbə qazana bilmirdik.
- Növbəti tur komandanı "Zirə” ilə çətin oyun gözləyir. Bu haqda nə deyə bilərsən?
- Fikrimcə, çox çətin oyun olacaq. Komandamızı meydanda gördünüz. Xarakter göstərdik. Biz mənəvi və fiziki tərəfdən çox güclüyük. "Zirə” ilə matçda qələbə qazanacağımıza inanırıq.
- Düzdür, statistika o qədər də önəmli deyil. Amma bir həqiqət var ki, "Neftçi" çempionatda "Zirə”ni məğlub edə bilmir. Bunu bir problem kimi görürsənmi?
- Statistika futbolda çox vacibdir. Amma hər şeyi həll etmir. Biz növbəti oyunda da qələbə qazanmaq istəyirik. Hələ də heç nə itirməmişik. Komanda yaxşı forma yığıb. Belə çıxış etsək, hər bir matçda qələbə qazana bilərik.
- Tərlan Əhmədov bildirmişdi ki, qruplaşma məsələsi tam həll olunmayıb. Cənubi amerikalılar harda olsalar, qruplaşma yaradırlar. Bu barədə nə deyə bilərsən?
- Mən öz adımdan danışa bilərəm. Heç bir qruplaşmanın üzvü deyiləm. Hər bir futbolçu ilə yaxşı münasibətdəyəm. Təbii ki, dil məsələsi də var. Braziliyalılar və argentiniyalılarla biz ya bir dildə, ya da oxşar dildə danışırıq. Yenə qeyd etmək istəyirəm: Mən heç bir qruplaşmanın üzvü olmamışam.
Təbriz QULİYEV