"Danışılası söz yoxdur. Hər şey göz qabağındadır. Bilirdik ki, rəqib bizdən istəkli idi. Çünki Gəncəyə bizdən tez gəlmişdilər. Həm də son 3 oyunda bizə qalib gəlməmişdilər. Çətin olacağını dərk etmişdik. Belə olacağını gözləmirdik. Çox məyusuq. Yunis Hüseynovun debütünün belə olmasını istəməzdik. Öz səhvlərimizdən uduzuduq".
Sportnet.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Kəpəz"in qapıçısı Davud Kərimi evdə "Qəbələ"yə 1:6 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XIII tur matçından sonra deyib. 33 yaşlı qolkiper jurnalistlərin suallarını da cavablandırıb...
- Sanki komandada motivasiya yox idi...
- Əksinə, biz çox istəkli idik. Ola bilər ki, "yandıq”. 1-ci dəqiqədə vuraln qol bizi "sındırdı”. Daha sonra mənim etdiyim səhv uşaqları ruhdan saldı. İnanıram ki, bundan nəticə çıxarıb növbəti oyunları yaxşı keçirəcəyik.
- Səncə, bu nəticə ilk oyundakı qələbənin təsadüfi olduğunu göstərmədi?
- Xeyr, onlar həmin oyunda da istəkli idilər. Son pillədən qurtulmaq istəyirik. Hər məğlubiyyət bizi geri salır. Yunis müəllimin gəlişinə görə uduzmaq istəmirdik. Lakin alınmadı.
- "Kəpəz” ətrafında gəzən söz-söhbətlər komandaya necə təsir?
- Bunların futbolçulara aidiyyatı yoxdur. Bu, yuxarı səviyyədə olan söhbətlərdir. Şahin Diniyevin gedişindən sonra yeni nəfəs lazım idi.
- Yunis Hüseynov oyundan sonra sizə nə dedi?
- Bildirdi ki, bu komanda ilə həmin "Qəbələ”yə qarşı yaxşı oyun nümayiş etdirəcəyik. Əlavə etdi ki, bütün komandalara qarşı başağrısı olacağıq.
- Adına yaraşmayan qollar buraxdın...
- 2-ci qolda topu tez tutaraq oyuna başlamaq istədim. Lakin topa sahib ola bilmədim və top Monrozun qarşısına düşdü. O da qapını dəqiq nişan aldı. Kobud səhv etdim. 4-cü qolda kobud səhvimin olduğunu deməzdim. Qabaqda durmuşdum, müdafiəçimizin səhvindən sonra Dabo topu başımın üstündən atdı.
- Erkən qola görə ruh düşkünlüyü var idi, yoxsa matçdan öncə də belə idiniz?
- Xeyr, biz Yunis müəllimin ilk oyununda uduzmaq istəmirdik. Görüşə məsuliyyətli yanaşırdıq. Rəqiblərimizdən aralanmaq istəmirik. Alınmadı. İlk qol pis təsir etdi. Ardından mən səhv etdim.
- "Kəpəz” yeni qazonda istədiyi kimi oynamır. Ancaq kələ-kötür stadionda klublara başağrı idiniz. "Kəpəz” normal stadionda futbol oynaya bilmir?
- Mən də fikirləşirəm ki, bu stadionda ötən mövsüm ancaq "Qarabağ”a uduzmuşduq. Rəqiblər Gəncədən 3 xalla qayıtmırdı. Özümüz də məəttəlik ki, nə baş verir. İnanıram ki, yaxşı nəticələr qazanacağıq. 3 futbolçumuzun olmaması da öz sözünü ciddi olmasa da, dedi.
- Yunis Hüseynovla Şahin Diniyev fəlsəfələrində nə fərq var?
- Şahin müəllim müdafiədən oyun qururdusa, Yunis Hüseynov hücumameyilli oyun istəyir.