"Qarabağ"ın futbolçusu Ramil Şeydayev "Qaradağ Lökbatan"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- 90 dəqiqə meydanda olduğun görüş barədə nə deyə bilərsən?
- Yaxşı oynayaraq, qalib gəldik. Topu nəzarətdə saxladıq. Çoxlu qol imkanı yaratdıq. İnamlı qələbə qazandıq. Yaxşı əhval-ruhiyyədəyik. Növbəti oyuna hazırlaşacağıq.
- İlk yarıda rəqibin çoxlu qol imkanı yaratdığı fikri ilə razısan?
- Ola bilsin, bu, bizdəki konsentrasiya çatışmazlığından irəli gəlirdi. Amma vaxtında hər şeyi ələ aldıq. Hər şey normaldır. Əsas odur ki, mərhələ adladıq. Fikrimcə, böyük üstünlüyümüz göz qabağında idi.
- Qol vəziyyətləri yaratsan da, fərqlənə bilmirsən. Bu, nə ilə əlaqədardır?
- Öz üzərimdə çalışıram. Amma bəxtim gətirmir, alınmır. Yenə işləyəcəyəm. Ümidvaram ki, gələn il qol vura biləcəyəm.
- Tezliklə "Qarabağ"la müqavilən başa çatır. Gələcək karyeranla bağlı nə düşünürsən?
- Deməzdim ki, tezliklə anlaşmam başa çatır. Hələ 2018-ci ilin yayınadək "Qarabağ"la müqaviləm var. İndidən nə isə deyə bilmərəm.
- Özünü "Qarabağ"da necə hiss edirsən?
- Əla. Əlbəttə, daha çox oynamaq istəyirəm. Hər bir məşqdə özümü sübut etməyə çalışıram. Sadəcə, öz şansımı gözləyəcəyəm. Göstərəcəyəm ki, oynaya bilərəm.
Təbriz QULİYEV