Bu gün biz Premyer Liqa klubuna qarşı oynayırdıq. Bilirik ki, "Sumqayıt” klubu köklü klubdur. Yaxşı komandadır. Yaxşı heyətə malikdir və təcrübəli komandadır. Bu gün də çempionatda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır.
Sportnet.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Arif Əsədov Azərbaycan Kubokunun 1/8 finalında "Sumqayıt"a 0:4 hesablı məğlubiyyətdən sonra deyib.
O, oyundan sonra mətbuat konfransında bunları söyləyib:
"Bizim üçün bu oyun təcrübə baxımından xeyirli oldu. Çünki yeni komandayıq. 2 aydır fəaliyyət göstəririk. Birinci divizionda komandanı son anda yığa bildik. Birinci hissədə komandamız pis oynamadı. Oyunlarından razı qaldım. Amma ikinci hissədə bizim ehtiyat qüvvəmizin olmamağı oyunumuza təsir göstərdi. Dəyişiklik üçün də futbolçu yox idi. Bəzi futbolçular zədəli idi. Ona görə də oyunda dönüş yarada bilmədik.
Amma "Sumqayıt” komandası iki əsas futbolçunu oyuna buraxmaqla matçda dönüş yaratdı. Layiqli qələbə qazandı. Bu bizim üçün təcrübə oldu. Futbolçular da hiss etdilər ki, Premyer Liqa nə deməkdir. Bizim komanda cavandır. Gələcəkdə bu komandanı əsas çempionatda görə bilərik. Həm futbolçuların, həm məşqçilərın Premyer Liqanın nə demək olduğunu bilməsi vacibdir. "Sumqayıt” klubunu təbrik edirəm və uğurlar arzulayıram."