"Keşlə” klubu danışılmış oyunlara görə həbs olunan futbolçuları – Nizami Hacıyev və Mirhüseyn Seyidovla bağlı bəyanat yayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda sözügdən futbolçuların müqaviləsinə 4 gün öncə xitam verildiyi bildirilir. Onların son 5-6 matça danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələri olduğu üçün bu addım atıldığı qeyd olunub: "Keşlə Peşəkar Futbol Klubunun rəhbərliyi bildirir ki, əsas komandanın futbolçuları - Nizami Hacıyev və Mirhüseyn Seyidov Topaz Premyer Liqası çərçivəsində keçirilmiş son 5-6 oyununda danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilib”.
Qeyd edək ki, "Keşlə" son 7 oyunda "Neftçi"yə evdə 0:2, səfərdə 1:3, "Qarabağ"a evdə 0:2, "Səbail"ə səfərdə 0:1, "Kəpəz"ə evdə 0:2, "Sumqayıt"a səfərdə 1:3, evdə "Zirə"yə 0:1 hesabı ilə uduzub. Klubun bəyanatına əsasən, Nizami Hacıyevlə Mirhüseyn Seyidov yalnız "Qəbələ"yə oyun satmayıb.