Türkiyənin "Bursaspor" klubu "Qarabağ" və Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda ilə ilkin razılıq əldə edib. Sportnet.az-ın "Doğan" agentliyinə istinadən məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi "timsahlar"a qoşulmağa müsbət yanaşır.
Hazırda "Bursaspor" və Ağdam klubu arasında danışıqların getdiyi bildirilir. Almeydanın hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatacaq. "Sambaçı"nın "yaşıl işıq" yandırması bu transferin gerçəkləşmə ehtimalını qüvvətləndirib. Klublar da razılığa gələcəkləri təqdirdə, "Bursaspor"un qış transfer pəncərəsinin son günündə bu transferi açıqlayacağı gözlənilir.
Almeydanın alternativi olan Hollandiya "Feyenoord"unun yarımmüdafiəçisi Kərim əl-Əhmədinin keçidi isə çətinləşib. Səbəb onun transfer haqqının 3,5 milyon avro olması və ötən il hazırkı klubu ilə müqaviləni 2019-cu ilə qədər uzatmasıdır.
Qeyd edək ki, Riçard Almeyda bu mövsüm Azərbaycan Premyer Liqasında 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub. O, Çempionlar Liqasının qrup mərhələsindəki 6 oyunun hamısında iştirak edib.