"Bu mövsüm Avropada yolumuz daha çətin olacaq. Amma biz çətin işi bacaracaq, hədəfimizə çatacağıq. Başqa yolumuz yoxdur. Çünki dünyaya deyiləsi sözümüz var".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar komanda üzvləri ilə görüşündə deyib. Türkiyəli funksioner qarşıdakı mövsümdə də beynəlxalq arenada uğurla çıxış edəcəklərinə inam ifadə edib: "Biz nə etməliyik? İşləməliyik. Futbolla yaşayıb-yaratmalıyıq. Qarabağlılar bizdən uğur gözləyir. Oradan 1 milyonadək qaçqınımız var. Çarəsiz, pərişandırlar. "Qarabağ" onların atası, anası, övladı, ümididir. Biz Qarabağdan əl çəkməməliyik. Mənim fəlsəfəmi bilirsiniz: Barışmazlıq, inam və sevgi. İnanıram ki, yenidən çətin mərhələləri keçərək, Avropada sözümüzü deyəcəyik. Bu yolda sizə uğurlar, şərəfli tarixi neçə-neçə il bundan sonra da qorumağı arzulayıram".
T.Gözəl belə bir gündə "Qarabağ" klubunun roluna da diqqət çəkib: "Bu gün bəlkə də "Qarabağ" üçün Qarabağa məna verən ən önəmli gündür. Çünki istər-istəməz həyatın şirinlikləri bizi özümüzdən alıb götürür. Amma belə bir gün olanda insan ayağını torpağa basır. Deyirsən ki, ölüm haqdır. Şəhidləri yadına salırsan. İnsanlar artıq torpağın altındadır. Deyirsən ki, mən nə etməliyəm? Ölkəmiz, Qarabağımız üçün biz nə edə bilərik? Mən hesab edirəm ki, ürəyimizi böyütməliyik, həyata dəqiq baxmalıyıq. Mənəviyyata getməliyik. Hər hərəkətimizdə məna olmalıdır, sevgi olmalıdır. Məna yoxdursa, özümüzə sual verməliyik: Mən niyə yaşayıram? Çünki mən sizi əmin edirəm ki, səmanın göy rəngdə olması eşqin əlamətidir. Yer üzü insanlara çiçəklərlə təbəssüm edir. Çiçəklər yer üzündə təbəssüm yaradırlar. "Özünü tək görmə" deyirlər. Buna görə "Qarabağ" klubu mənim həyatıma önəm qatır. Bu, hamınız üçün böyük şərəfdir. Mənim sizlərdən xahişim budur ki, bu şərəfi qoruyaq. Əlimizdən gələni edək, mübarizə aparaq".
Kollektivdaxili ab-havaya diqqət çəkən vitse-prezident dünyada belə bir klubun olmadığını vurğulayıb: "Bu klubun bənzəri yoxdur. Belə mənəvi ab-hava heç yerdə olmaz. Çünki çiçək olanda bal arıları toplanır. "Qarabağ" nədir? Xoş arzudur, xoş niyyətdir. Təmiz, pak ürəklərdir. Azərbaycan doğrudan da təmiz ölkədir. Bizim insanımız təmizdir, nəcibdir. Bakıdakı bugünkü alverçiləri nəzərdə tutmuram. Hamımız buna bulaşmışıq (gülür). Amma Bakıdan 50 km qırağa gedin. Siz Azərbaycanın təmiz ruhunu görəcəksiniz. Ölkə başçımız, rəhbərimiz çox təmiz bir insandır. Bu günü sizlərlə olmaq doğurdan da fəxrdir. Hesab edirəm ki, bu arzu olmasaydı, bir araya gələ bilməzdik".
T.Gözəl baş məşqçi Qurban Qurbanova milli komandada da uğurlar arzulayaraq, kapitan Rəşad Sadıqova məsləhət də verib: "Qurban müəllim məsuliyyətli işlərə başlayıb. Milli komandada ona uğurlar arzulayıram. Sizlər də kömək etməlisiniz. Amma həm də bizimlədir. Nə etdiksə, Rəşad Sadıqovdan özümüzü qurtara bilmədik (gülür). Sadıqov "Qarabağ"ın döyünən ürəyidir. Rəşad, sən hələ bizə lazımsan. Hələ 15 il işlə, sonra hara gedirsənsə, get".
Sonda "Qarabağ" rəsmisi şəhidləri bir daha anaraq, Azərbaycan xalqına birlik və xoşbəxtlik arzulayıb.