"İlk qarşılaşmamızda qələbə qazansaydıq, meydana daha rahat çıxacaqdıq. Rəqibimiz çox təcrübəli futbolçulardan ibarət komandadır. Bizi çox çətin bir matç gözləyir. Ancaq doğma meydanda bütün oyunları qələbə ilə başa vurmaq istəyirik”. Sportnet.az-ın məlumatına görə, bu sözləri İngiltərə "Arsenal”ının baş məşqçisi Arsen Venger Çempionlar Liqasının qrup mərhələsinin II turunda qarşılaşacaqları "Qalatasaray”la oyundan öncə mətbuat konfransında deyib.
Fransalı mütəxəsis, həmiçinin "Cim-Bom”un Türkiyənin hegemon klubu olduğunu bildirib: "Emirates Cup”da qarşılaşdığımız "Qalatasaray”la indiki arasında fərq çoxdur. Onda komandanı Fatih Terim idarə edirdi, sonra Mançini gəldi, indi də Prandelli klubun baş məşqçisidir. "Qalatasaray”ın italiyalı mütəxəsislərə güvəndiyini görürük. Demək ki, komanda daha yaxşı komplekləşdirilib və daha da güclənib. Rəqibimiz çox güclü və Türkiyənin hegemon klubudur”.
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Arsenal" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.