Topaz Premyer Liqasında XVIII turun son iki oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, əvvəlcə Qəbələ şəhər stadionunda eyniadlı komanda "Neftçi"ni qəbul edib.
Meydan sahibləri Elvin Məmmədovun 33-cü dəqiqədə vurduğu qolla ilk yarını öndə bitiriblər. Lakin fasilədən sonra qonaqlar 2 qol vurub. 57-ci dəqiqədə Mirabdulla Abbasov, 73-cü dəqiqədə isə İqnasio Errera fərqlənib. Beləliklə, "Neftçi" səfərdə 2:1 hesablı qələbə qazanıb. Üstəlik, 83-cü dəqiqədə qırmızı vərəqə alaraq, yerli komandanı azlıqda qoyub.
Ardıcıl ikinci məğlubiyyət alan "Qəbələ" isə çempionluq yolunda ağır zərbə alıb. Hazırda 35 xala malik "qırmızı-qaralar" lider "Qarabağ"dan 10 xal geridədir. Xallarını 23-ə çatdıran flaqman isə yenə 5-ci pillədədir.
Turun son matçında "Zirə" "Keşlə"ni qəbul edib. Qarşılaşmada hesabı qonaqlar açıb. Görüşün 13-cü dəqiqəsində Tərlan Quliyev fərqlənib. Bundan 15 dəqiqə sonra "Zirə" bərabərlik qolunu vurub. Meydan sahiblərinin heyətində Elşən Abdullayev "çərçivə"ni dəqiq nişan alıb.
Fasilədən sonra "Keşlə" qələbə topuna imza atıb. Slavik Alxasov 73-cü dəqiqədə zirəliləri məyus edib - 2:1.
Beləliklə, Yuri Maksimovun rəhbərliyi altında ikinci qələbəsini qazanan "Keşlə" xalını 15-ə çatdırıb və 7-ci pillədə möhkəmlənib. "Zirə" isə 32 xalla 3-cü sıradadır.
Qeyd edək ki, ilk oyun günündə "Kəpəz" "Səbail"i 2:1 hesabı ilə yenib. "Sumqayıt" - "Qarabağ" matçında isə qalib müəyyənləşməyib - 1:1.
Topaz Premyer Liqası, XVIII tur
4 mart (bazar)
15:30. "Qəbələ” – "Neftçi” - 1:2
Qollar: Elvin Məmmədov, 34 - Mirabdulla Abbasov, 59. İqnasio Errera, 73
Qırmızı vərəqə: Yusif Nəbiyev, 83 ("Qəbələ")
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Vüqar Bayramov, Ömər Paşayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ şəhər stadionu
18:00. "Zirə” – "Keşlə” - 1:2
Qollar: Elşən Abdullayev, 28 - Tərlan Quliyev, 13. Slavik Alxasov, 73
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüsal Qənbərov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu
----------------------------------------------------------------------------------
Bu gün Topaz Premyer Liqasında XVIII turun son 2 görüşü keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, günün ilk qarşılaşması Qəbələdə oynanılacaq. Əyalətdə Roman Qriqorçukun baş məşqçi olduğu komandanın rəqibi "Neftçi” olacaq. Ötən tur "Səbail”ə uduzmaqla çempionluq yarışında böyük zərbə alan meydan sahiblərinə növbəti büdrəmə baha başa gələ bilər. Hazırda 35 xalla 2-ci sırada qərarlaşan "qırmızı-qaralar” qızıl medallardan əllərini üzməmək üçün qalib gəlməlidirlər. Üstəlik, lider "Qarabağ" ötən gün "Sumqayıt"la səfərdə 1:1 hesablı heç-heçə etdiyi üçün "Qəbələ"yə yalnız qələbə lazımdır ki, fərqi 7-yə endirsin.
"Neftçi” isə Azərbaycan Kubokunun yarımfinalındakı rəqibi ilə oyunda ən azı uduzmamağı hədəfləyib. Hərçənd, 20 xalla 4-cü pillədə yer alan "ağ-qaralar” üçün "dördlüy”ə düşmək lazımdır.
Qəbələdəki görüş bu komandaların 39-cu çempionat dueli olacaq. Əvvəlki görüşlərdə qələbə sayında bərabərlik hökm sürür. Tərəflər hərəyə 15 dəfə 3 xala seviniblər. "Neftçi” son 8 görüşdə cəmi 1 qələbə əldə edib. Bakılılar son 3 matçı qolsuz tərk etməyib. "Qəbələ” son 3 ev oyununda qalib gəlib. Meydan sahibləri ilk dövrədəki hər iki oyunda da qələbəni bayram ediblər (2:1, 3:2).
Turun son matçında 32 xalla 3-cü pillədə qərarlaşan "Zirə” 12 xalla 7-ci yerdə gedən "Keşlə”ni qəbul edəcək. Bu komandaların əvvəlki 10 çempionat duelindən 7-də heç-heçə qeydə alınıb. Rəqibini 2 dəfə məğlub edən zirəlilər son 6 oyunda qol vurub və uduzmayıblar. "Keşlə” heç vaxt səfərdə qalib gəlməyib.
İlk dövrədə Zirədə baş tutmuş qarşılaşmada bərabərlik qeydə alınıb – 1:1. Əvəzində "qartallar” səfərdə 1:0 hesabı ilə qalib gəliblər.