
İspaniya La Liqasının XXVII turunun mərkəzi görüşü "Barselona" və "Atletiko" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Kamp Nou" stadionundakı qarşılaşma 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Yeganə topu 26-cı dəqiqədə cərimə zərbəsindən Lionel Messi vurub. Bu, argentinalı hücumçunun bütün rəsmi turnirlərdə 600-cü qolu olub. Messi bunlardan 539-nu 13 ildir şərəfini qoruduğu Kataloniya klubunda, 61-ni isə Argentina millisinin heyətində aktivinə yazdırıb.
"Barselona" bu qələbə sayəsində xallarının sayını 69-a çatdırıb və turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. "Atletiko" 61 xalla ikinci yeri tutur.