Topaz Premyer Liqasının XVIII turu bütün komandaların qol vurması ilə diqqət çəkib.
Sportnet.az-ın məlumatına görə, "Sumqayıt” – "Qarabağ” oyununda komandalar hərəyə 1 qol vurubsa, "Neftçi” "Qəbələ”ni, "Keşlə” – "Zirə”ni, "Kəpəz” "Səbail”i eyni – 2:1 hesabı ilə məğlub edib.
Bütün komandaların qol sevinci yaşamasına mövsümdə 2-ci dəfə təsadüf olunur. Belə hal I turda yaşanmışdı. Maraqlıdır ki, onda da üç qarşılaşmada 2:1 hesabı qeydə alınıb.
"Qəbələ”nin "İnter”i, "Zirə”nin "Səbail”i, "Sumqayıt”ın "Kəpəz”i eyni hesabla udduğu turun digər qarşılaşmasında "Qarabağ” "Neftçi”ni yenib – 3:1. Həmin turda 13, hesabat turunda isə 11 qol qeydə alınıb.