"Neftçi"nin futbolçusu Emin Mahmudov evdə "Qarabağ"la 0:0 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XX tur matçından sonra brifinq keçirib.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi əvvəlcə oyunu dəyərləndirib...
- Deyə bilmərəm ki, nəticə ədalətlidir. Amma hər halda oyunun əvvəllərində qul vura da, buraxa da bilərdik. Xüsusilə ikinci hissənin sonlarında yaxşı imkanlarımız oldu, amma yararlana bilmədik.
- Səncə, bu gün 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?
- Bu oyundan 1 xal götürmüşüksə, deməli, qazanmışıq.
- Turnir cədvəlində vəziyyət elədir ki, "Neftçi” "Qarabağ”la oynamasına baxmayaraq, bu gün qələbə qazanmalı idi...
- Əlbəttə, hər bir oyunda qələbə qazanmalıyıq. Çünki özümüzdən irəlidəki komanda ilə xal fərqini aradan qaldırmalıyıq. Qalib gələ bilməməyimiz üzücü haldır. Buna baxmayaraq, irəli baxmalı, qələbələr qazanmalıyıq. Hələ 8 tur var. Həmin görüşlərdə imkanlarımızdan maksimum yararlanmalıyıq.
- Tərlan Əhmədov mətbuat konfransında bildirdi ki, zədəli halda meydana çıxmısan. O, ötən turda uğurla çıxış etmiş heyəti dəyişmək adətinin olmadığını da əlavə etdi. Özünü necə hiss edirsən? Durumun yığmaya çağırılmağına maneçilik törətməyəcək?
- Bu, mənim üçün problem deyil. Bacardığımı ortaya qoyuram. Sadəcə, baldırımın arxa və ətraf hissələrində bir qədər ağrı var. Bu, mənə problem yaratmır. Müəyyən çalışmalarla bunu aradan qaldıra bilərəm. Elə oyunlar olur ki, sonda yorğunluq üzündən zədəm özünü büruzə verir. Lakin oyuna heç cür təsir göstərmir.
- Növbəti turda baş məşqçiniz istəsə də, səni oynada bilməyəcək. Çünki 4-cü sarı vərəqəni gördün və cəzalı duruma düşdün...
- Çox təəssüf ki, qarşıdakı oyunu buraxacağam. Amma nə etməli? İstənilən halda, əks-hücuma imkan verməməli idim. Həmin vəziyyətdə özümün yox, komandanın maraqlarını düşündüm. "Qarabağ”ın əks-hücum qurmasına imkan vermək olmazdı. Düşünürəm ki, oynamasam belə, komandada məni əvəz edə biləcək futbolçular var.
- Özünü Azərbaycanda necə hiss edirsən? Yenidən Rusiyaya qayıdıb daha yaxşı klublarda çıxış etməyi fikirləşirsən?
- Mən heç nəyi fikirləşmirəm. Ancaq "Neftçi” üçün faydalı olmağı düşünürəm.