Türkiyənin Antalya bölgəsində Azərbaycan və Makedoniya yığmaları arasında keçirilmiş yoldaşlıq görüşündəki ikinci penalti epizodu zamanı referi Halis Özkahya ilə videotəkrar (VAR) hakimi Cüneyt Çakırın dialoqu üzə çıxıb.
Sportnet.az "Doğan" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin rəhbəri Yusuf Namoğlu açıqlama verib. O, qarşılaşmanın 20-ci dəqiqəsində Azərbaycan yığmasının qapısına təyin olunan penalti epizodunda ədalət təmsilçiləri arasında belə bir söhbətin baş tutduğunu deyib:
ÇÜNEYT ÇAKIR: Halis, gözlə, epizodu incələyirik. Halis, nəyə qayda pozuntusu dedin?
HALİS ÖZKAHYA: Təmasa. Ayaqla təmasa.
CÜNEYT ÇAKIR: Epizodu incələdik. Qayda pozuntusu cərimə meydançası daxilindədir. Penaltı verə bilərsən. İzləməyinə gərək yoxdur. İşarəni göstər və penalti təyin et.
Bundan sonra qərar dəyişib və Makedoniya yığması penalti qazanıb. Azərbaycan yığmasının futbolçularından heç biri buna etiraz etməyib.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan matçın 7-ci dəqiqəsində hesabı Azərbaycan millisi açıb. Riçard Almeyda penaltidən fərqlənib. Makedoniya yığmasının qoluna isə Aleksandr Traykovski imza atıb.