"Qeyri-adi formada hazırlaşmamışıq, digər oyunlara necə məşq etmisiksə, "Qarabağ”a qarşıda elə hazırlıq keçmişik. Azarkeşdən tutmuş futbolçuya kimi hamı yaxşı nəticə qazanmağa çalışır".
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz"in kapitanı "Qarabağ"la keçirəcəkləri Topaz Premyer Liqasının XXIII tur matçı barədə klubun rəsmi saytına açıqlamasında deyib.
29 yaşlı müdafiəçi bildirib ki, oyunun nəticəsi barədə əvvəlcədən proqnoz vermək olmaz: "Bilirik ki, güclü rəqibə qarşı oynayacağıq. Maksimum nəyi bacarırıqsa, onu da meydançada edəcəyik. Xal və ya xallar qazanmağa çalışacağıq. Doğma meydanda, azarkeşlərimizin önündə oynayacağıq. Bu, bizim üstünlüyümüzdür. Amma digər tərəfdən minlərlə azarkeşin önündə çıxış etmək elə də asan məsələ deyil. Çünki istər-istəməz yaxşı mənada təzyiq olur. Çalışırsan ki, fanatlar komandadan narazı qalmasınlar. Gəncədə futbolu çox sevirlər, "Qarabağ”la matç ajiotaj yarada biləcək oyundur. İnşallah, futbolsevərlərimizi məyus etməməyə çalışacağıq”.
Əvvəlki görüşlərlə müqayisədə son iki oyun üçün "Kəpəz” əsas hazırlığı Gəncədə keçirib. Rəhimovun fikrincə, komandanın Nizami yurdunda daha çox olması onların xeyrinədir: "Komandada 3 ildir ki, çıxış edirəm. Bu vaxta kimi Gəncəyə oyundan 3-4 gün öncə gəldiyimiz olmamışdı. Bu, çox sevindirici haldır. Sizə bir şeyi deyim, bu yaxınlarda doğum günümü qeyd edirdim. Azarkeşlərin məşqdən sonra məni meydanda təbrik etməsi, tort alıb otelə gəlməsi sürpriz oldu. Hətta oyunda da gül dəstəsi ilə təbrik etdilər. Söhbət hədiyyədən yox, diqqətdən gedir. Belə məqamlar futbolçuya xoş gəlir. Bu onu göstərir ki, nəticələrə baxmayaraq Gəncədə bizi sevirlər, hörmət edirlər. Burada olanda zəng edib qonaq çağırırlar. Azarkeşlərin hər birinə təşəkkür edirəm. Komandanın Gəncədə olması bizim də ürəyimizcədir. "Kəpəz”in doğma şəhərə köçməsi çox vacibdir”.
Qeyd edək ki, bu gün Gəncə şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlanacaq.