
"Qarabağ" üzərindəki qələbədən sonra komandada əhval-ruhiyyə daha yaxşıdır. Məşqçilərimiz, futbolçular daha həvəslə çalışır ki, "Səbail"lə oyunda da qələbə qazanaq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi" klubunun qapıçısı Səlahət Ağayev Azərbaycan Premyer Liqasının XXVII turunda qarşılaşacaqları "Səbail"lə oyun barədə klub televiziyasına açıqlamasında söyləyib.
27 yaşlı qolkiper Avropa Liqasına vəsiqə qazanmaq üçün əllərindən gələnin ən yaxşısını etmək istədiklərini vurğulayıb: "Bu, bizim üçün ən vacib oyunlardan biridir. "Səbail"lə oyunda qələbə qazansaq, avrokuboklara daha da yaxın olarıq. Çempionatda asan komanda yoxdur. Oyunlarımızın hamısı çətin keçir. İnanmıram ki, asan qələbə qazanaq. 100 faiz yox, 200 faiz gücümüzü meydanda qoymalıyıq ki, qalib gələk".
Qeyd edək ki, mayın 12-də "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Səbail” oyunu saat 19:00-da başlanacaq.