Türkiyə Super Liqasının XXXIII turunda "Beşiktaş" "Osmanlıspor"un qonağı olub.
Sportnet.az-ın məlumatına görə, Ankaradakı "Osmanlı" stadionunda keçirilmiş görüş İstanbul komandasının qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesabı 6-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Serdar Gürler açıb. Qalan qollar ikinci hissədə vurulub. 47-ci dəqiqədə "Osmanlıspor"un futbolçusu Anıl Karaer topu öz qapısına göndərib. 51-ci dəqiqədə Mustafa Pektemek "Beşiktaş"ı önə çıxarıb. 56-cı dəqiqədə Gürler "dubl" edərək, hesabı bərabərləşdirib. Oyunda son nöqtəni isə 80-ci dəqiqədə Vaqner Lav qoyub.
Bununla da "Beşiktaş" xallarını 68-ə yüksəldib. Hazırda "qara qartallar" 3-cü pillədə yer alsa da, gümüş medal şanslarını qoruyur. 33 xala malik "Osmanlıspor" isə turu 16-cı pillədə tamamlayıb. Mayın 14-də "Akhisarspor" səfərdə "Kayserispor"dan xal alsa, Ankara komandası I Liqaya enəcək. "Akhisarspor" uduzsa, iki komanda arasında son tura təsadüf edəcək görüş Super Liqanı tərk edəcək son komandanı müəyyənləşdirəcək.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 72 xalla "Qalatasaray" başçılıq edir. "Başakşehir" 69 xalla 2-cidir. Bu iki klub və 66 xala malik, lakin ehtiyatda bir oyunu olan "Fənərbağça" çempionluq mübarizəsini davam etdirir.