"Qarabağ"ın kapitanı Rəşad Sadıqov qapıçı İbrahim Şehiçin komandadan ayrılmasına münasibət bildirib.
Sportnet.az xəbər verir ki, 36 yaşlı müdafiəçi bunu bosniya və herseqovinalı oyunçuya gələn təkliflə əlaqələndirib. O bildirib ki, Şehiç komandanı pula görə tərk etmir: "Sadəcə, artıq rəqabət aparmaq da olmur. "Qarabağ"ın öz uğuru özünə problemə çevrilib. Çempionlar Liqasında çıxış etdiklərindən, hamıya təkliflər var. Pul söhbəti deyil. Hamısı gözüyaşlı gedir. Deyirlər ki, getmək, ayrılmaq istəmirik, amma bu da həyatımızın şansıdır. Bu cür komandadan, belə ölkələrdən təklif gəlir. Heç birini qınamaq olmur. Çünki elə təkliflər gəlir ki, "yox" demək olmur. Özünüz də onun necə kluba gedəcəyini görəcəksiniz".
Sadıqov komandanı tərk edən 9 futbolçunun yerini doldurmağa çalışacaqlarını əlavə edib: "Bizim üçün ən çətin transfer dövrü olacaq. Komandada yenilənmə gedəcək. Gedənlər kimi gələnlər də çox olacaq. Yeni gələnlərin hansı səviyyədə olacağı bilinmir. Ən çətin transfer dönəmi yaşayacağıq".
Qeyd edək ki, "Qarabağ"da İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirovun müqavilə, Pedro Enrike və Ramil Şeydayevin icarə müddəti başa çatıb.