"Gördüyümüz işlər ağlasığmazdır. Bu tarixin bir hissəsi olduğum üçün çox məmnunam. Bunu təsəvvür belə edə bilməzdim. Komanda 3 il sonra dəyişikliyə məruz qalmalı idi. Növbəti mövsüm "Real Madrid"də davam etməməyi qərara aldım".
Sportnet.az-ın məlumatına görə, bunu İspaniyanın "Real Madrid" klubundan ayrılan Zinəddin Zidan təşkil etdiyi mətbuat konfransında deyib. Fransalı mütəxəssis hər kəs üçün ən doğru anın indi olduğunu sözlərinə əlavə edib: "Komanda daxilində hər şey qaydasında olarkən belə bir qərar almaq təəccüblü ola bilər. Amma bu komanda qazanmağa davam edəcək. 3 il sonra dəyişiklik lazım idi. Bu klubu çox sevirəm. Mənə bu şansı verdikləri və xəyallarımı reallaşdırdığım üçün klub prezidenti Florentino Peresə təşəkkür edirəm".
Qeyd edək ki, Zinəddin Zidan "Real Madrid"ə 4 yanvar 2016-cı ildə Rafael Benitesin əvəzinə baş məşqçi təyin olunub. Fransalı mütəxəssisin rəhbərliyi altında "kral klubu" İspaniya çempionu, ölkə Super Kubokunun, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun qalibi və 2 dəfə klublararası dünya çempionu olub.