FİFA milli komandaların reytinqinin tərtib olunma sistemində dəyişiklik etməyi qərara alıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə FİFA Şurasının Rusiyanın paytaxtı Moskvada keçirilmiş iclasından sonra qurumun prezidenti Canni İnfantino açıqlama verib. O bildirib ki, hazırda reytinqin hesablanması zamanı heç də hər zaman güclərin real bölgüsü əksini tapmır və ədalətli siyahı alınmır: "Mən indi detalları sizinlə bölüşə bilmərəm. Məsələ üzərində uzun müddət araşdırmalar aparılmalıdır. Bu, riyaziyyatçıların işidir".
Mövcud sistemə əsasən, dünyanın ən güclü yığmaları mövqelərini nadir hallarda itirirlər. Hətta yoldaşlıq görüşlərində qələbə təqdirində, bu, rəsmi oyunlardakından aşağı əmsalla qiymətləndirilir. Hazırkı formuldakı çatışmazlıqlar dünya çempionatını qəbul edən və iki il ərzində yalnız yoldaşlıq görüşləri keçirən ölkələrin reytinqlərinə də təsirsiz ötüşmür. Məsələn, Rusiya yığması mövqelərini itirərək, 70-ci pilləyə enib. Bu göstəricilər 2022-ci il dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi zamanı nəzərə alınacaq.
Azərbaycan millisi FİFA-nın iyun reytinqində 21 pillə irəliləyərək, 321 xalla 105-ci pilləyə yüksəlib.
Qeyd edək ki, FİFA İcraiyyə Komitəsinin əvəzinə yaradılan Şuraya 37 nəfər, o cümlədən, qurumun 8 vitse-prezidenti daxildir. Sədr isə ali futbol qurumunun prezidenti Canni İnfantinodur.