"Səbail"in qapıçısı Emil Balayev İtaliyanın "Udineze" klubunun maraq dairəsinə düşüb.
Sportnet.az-ın "Tutto Udinese" nəşrinə istinadən məlumatına görə, 24 yaşlı qolkiper Udine komandasını tərk edəcəyi gözlənilən Aleks Meretin əvəzinə mümkün variantlardan biri kimi nəzərdən keçirilir. 35 milyon avro qiymət qoyulan Meretlə "Roma" və "Napoli" klubları maraqlanır.
"Udineze"nin diqqətində olan digər qapıçılar isə "Yuventus"dan Emil Audero və Yunanıstan AEK-indən Vasilios Barkasdır.
Xəbərdə Balayev "Qarabağ"ın üzvü və "Azərbaycanın Buffonu" kimi təqdim olunub. Onunla "Roma"nın da maraqlandığı diqqətə çatdırılıb.
Lakin "Səbail"in mətbuat katibi Tora Əhmədova Sportnet.az-a açıqlamasında xəbəri təkzib edib. O bildirib ki, Balayevə heç bir təklif gəlməyib. Klub rəsmisi bu qapıçının müqavilə üzrə keçmiş klubu "Qarabağ"a deyil, məhz "Səbail"ə məxsus olduğunu vurğulayıb.
Qeyd edək ki, "Udineze" ötən mövsüm İtaliya A Seriyasında 38 oyundan 40 xalla 13-cü yeri tutub.