"Neftçi" klubunun yay toplanışı üçün Türkiyənin Bolu bölgəsini seçməsinin səbəbi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a klub prezidenti Kamran Quliyev məlumat verib. O, Boludakı hazırlıq prosesinin "Qarabağ"ın Avstriyada və "Qəbələ"nin Sloveniyadakı təlim-məşq toplanışından geri qalmadığını söyləyib. K.Quliyev bildirib ki, Avropanı seçmək onlar üçün problem deyildi: "Avropaya getmək üçün təşkilatı baxımdan yalnız viza lazımdır. Onu da bizə səfirlik verir. Bu barədə də problemimiz olmayacaqdı".
Klub prezidenti "Sumqayıt"da işlədiyi müddət ərzində də Bolu şəhərinə getdiklərini xatırladıb: "Orada müxtəlif yerlərdə qalırdıq. Oyunlara isə Topuk yaylasına gedirdik. O baza Türkiyənin "Fənərbağça" klubuna məxsusdur. Türkiyədə ikinci elə bir baza yoxdur. Sloveniya və Avstriyaya gedəcəyimiz bazalar bunun yanında heç nədir. Müqayisə olunacaq bir şey deyil".
K. Quliyev hazırkı dövrdə Sloveniya və Avstriyada aramsız yağışların yağdığını vurğulayıb: "Toplanış vaxtı hər şey ola bilər. Yağışın da yağması mümkündür, günəş çıxması da. Avstriya və Sloveniyanın iqlimləri oxşardır. Hər ikisi dəniz səviyyəsindən 1200-1300 metr yüksəklikdədir. Boluda axşam sərin, günorta isə normal hava şəraiti var. Futbolçu üçün hər bir şərait mövcuddur. Rəqiblər də münasibdir. 4 rəqibimizin hamısı güclü ola bilməz. Onların içində zəifi də olmalıdır. Bu isə plandan asılıdır. Hər bir baş məşqçinin öz üslübu var. Əsas odur ki, komandamız yaxşı şəraitdə çalışır. Avstriya və Sloveniyada o cür şərait tapmaq asan olmayacaqdı".
"Neftçi" rəsmisi Boluda otellərin azlığı üzündən çoxlu sayda komandanın olmadığını etiraf edib. Amma onun fikrincə, keyfiyyət sarıdan problem yoxdur: "Hər şey yüksək səviyyədədir. Rəqiblər məşqçi heyətini qane etməsəydi, Sloveniyaya getmək bizim üçün problem deyildi. Avstriyada da dostlarımız var. Bir həftə ərzində bizə yaxşı şərait yarada bilərdilər".
Klub prezidenti "Neftçi"nin ötən mövsüm Avstriyada təlim-məşq toplanışı keçdiyini xatırladıb: "Ötən yay komandamız Avstriyada idi. Nəticəsi hamıya bəllidir (gülür)".