"Bu dəfə daha sürətli oyun izlədik. "Dinamo” oyunu iki heyətlə keçirdi. Futbolçularımız 90 dəqiqə rəqibə qarşı düzgün mübarizə apardı. Hesabda geri düşdükdən sonra da futbolçular matçda dönüş yaratmaq üçün çalışdılar, sonadək oyun intizamını pozmadılar. Düzgün mübarizə apardılar. Amma oyunun sonlarında rəqibin sürəti həlledici rol oynadı".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində Xorvatiya "Dinamo"suna 0:2 hesabı ilə uduzduqları yoxlama matçını dəyərləndirərkən deyib. Gənc mütəxəssis bildirib ki, Zaqreb təmsilçisi ilə qarşılaşma komandası üçün yaxşı rəqabət olub: "Belə rəqibə, sürətli komandaya qarşı oynamaq çox faydalıdır. Çünki hansı rəqibə qarşı necə oynamaq lazım olduğunu görürük. Avropa Liqasında da belə komandalarla qarşılaşmışıq. Futbolçular da belə matçlara necə yanaşmaq, necə məşq etmək lazım gəldiyini bilirdilər. Belə rəqiblərlə oynamaq bizim üçün müsbət haldır”.
Qurbanov Sloveniya toplanışındakı iki yoxlama oyununa əsasən komandada dəyişikliklərin olduğunu da qeyd edib: "Oyunumuzda inkişaf görünür. Futbolçular meydanda daha hərəkətlidir. Ehtiyatda oyunçularımız nisbətən az olduğundan, bu gün meydana çıxanlar nisbətən çox yükləndi. Yeni transferimiz Ceyms Adeniyi komanda ilə məşqlərə başlayıb. Cavid Hüseynov da heyətə döndükdən sonra gücümüzə güc qatacaq. "Proqres”lə iyulun 12-də keçirəcəyimiz matçadək komandamızın yaxşı forma yığacağını düşünürəm”.
Qeyd edək ki, "Qəbələ" ilk yoxlama matçında Albaniyanın "Kukesi" klubu ilə heç-heçə edib - 1:1.