"Oyunun gedişində bəzi səhvlər buraxdıq. Rəqib də bu boşluqlardan yararlandı. Səhvlərimizi yoxlama oyununda gördük. Qarşılaşmanı təhlil edib, həmin çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu Polşa "Krakoviya"sına 0:1 hesabı ilə uduzduqları görüşdən sonra "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib. O bildirib ki, komandasının da qol imkanları olub: "Lakin bundan istifadə edə bilmədik. Yoxlama oyunundakı səhvlərin rəsmi matçlarda təkrarlanmaması üçün çalışacağıq”.
Qurbanov mövsümlərarası hazırlıq prosesi barədə də fikirlərini bildirib: "İyunun 12-dən başlayan hazırlıq prosesi bizim üçün faydalı oldu. Komanda üzvləri məşqlərdə səylə çalışdı. Bunun faydasını qarşıdakı oyunlarda görəcəyik. Toplanışın səmərəli keçməsi bizə meydanda daha hərəkətli, daha güclü olmaq imkanı verdi. Avropa Liqasındakı ilk oyuna qədər vaxtımız var. İyulun 12-dək hər gün, hər məşqdən səmərəli istifadə edəcəyik”.
Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburq "Proqres"i ilə üz-üzə gələcək.














































































