"Qəbələ” komandası Lüksemburqda "Proqres"lə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununa hazırlığı Bakıda davam etdirir.
Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” iyulun 12-də Qəbələ şəhər stadionunda keçirilmiş ilk qarşılaşmanın ertəsi günü doğma arenada bərpa məşqi edib. Ardından kollektiv paytaxta gəlib. Sənan Qurbanovun baş məşqçi olduğu komanda hazırlıq prosesini günün ilk yarısında gerçəkləşdirib. "Bakı" klubunun Təlim-Məşq bazasında baş tutan məşqdə futbolçular öncə fiziki, ardınca toplu çalışmaları yerinə yetirib.
Hazırlıq prosesində kapitan Cavid Hüseynov da iştirak edib. Zədə üzündən ilk görüşü buraxan 30 yaşlı yarımmüdafiəçi artıq kollektiv məşqlərə qatılır. Bir aydır məşqlərdən kənar qalan Hüsenovun cavab görüşündə meydana çıxıb-çıxmayacağına texniki heyət qərar verəcək.
Qeyd edək ki, "Proqres"lə səfər oyunu iyulun 19-da Lüksemburqun Differdanj şəhərindəki Munisipial stadionunda keçiriləcək. İlk görüşdə "Qəbələ" 0:2 hesabı ilə uduzub.