"Sabah" klubunun qapıçısı Saşa Stamenkoviç səfərdə "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının III tur matçından sonra brifinq keçirib.
Sportnet.az xəbər verir ki, serbiyalı qapıçı əvvəlcə oyun haqda fikirlərini bölüşüb...
- İlk növbədə, meydanda son gücünü də qoyan futbolçularımızı təbrik etmək istəyirəm. Vacib qələbə qazandıq. Evdə 1:4 hesablı məğlubiyyətdən sonra bizə çox çətin idi. Ancaq göstərdik ki, həmin pis günümüzdən düzgün nəticə çıxara bilmişik. "Sabah"a bağlı olan bütün insanları bu qələbə münasibətilə təbrik edirəm.
- "Keşlə" ilə səfərdə də yaxşı oynadınız, qalib gəldiniz, bu dəfə də rəqib meydanında elə oldu. Bəs "Sumqayıt"la ev oyununda komandanızda nə baş vermişdi ki, belə ağır məğlubiyyət aldınız?
-Evdə 4 qol buraxmaq çoxdur. Biz də həmin gün meydanda baş verənləri çox təhlil etdik. Son nəticə belə oldu ki, bir pis günümüz həmin gün idi.
- Növbəti turda evdə "Qəbələ" ilə qarşılaşacaqsınız. Həmin matçdan nə gözləyirsiniz?
- Bizdə hər matç final olacaq. Meydanda bir-birimizi belə dəstəkləsək, özümüzdən gücü komandaların heç biri ilə matçlarda problemimiz olmayacaq. Ona görə indi eyni komandada çıxış etdiyim futbolçulara görə çox şadam. Çünki çoxdandır əla kollektivlə oynamırdım. Xüsusən, Marko Deviçi təbrik etmək istəyirəm. O, 3 oyuna 4 qol vurub. Onu deyə bilərəm ki, Azərbaycanda böyük komandalarda çox yaxşı futbolçular, legionerlər oynayıb. Ancaq fikrimcə, Azərbaycan hələ belə hücumçu görməyib.
- Premyer Liqada digər komandaları da görmüsən. Səncə, "Sabah" bu templə mükafatçılar sırasına düşə bilərmi?
- Başlıca vəzifəmiz Premyer Liqada qalmaqdır. Bundan sonra artıq necə olacaq, görəcəyik.
- "Sabah"da 3 serbiyalı futbolçu çıxış edir...
- Yox. Marko Deviç ukraynalıdır, serb sayılmır.
- Hər halda, milliyətcə serbdir, kökü Serbiyaya gedib çıxır...
- Meydanda serbcə qışqıranda deyir "ukraynalıyam", ukraynaca çağıranda isə deyir "serbəm" (gülür - red.). Bu, zarafatdır. Onun ikili vətəndaşlığı var.
- Onu demək istəyirdik ki, 3 serbin bir komandada olması yaxşıdır, adaptasiyaya kömək olur...
- Vacib məsələ kimin oynaması yox, necə oynamasıdır. Komandamızda fiziki hazırlıq üzrə məşqçi Milovan Matijaseviç də serbdir. Artıq komandada 4 balkanlı var. Onu bilirik ki, yerli futbolçulardan minimum 50 faiz güclü olmalıyıq. Bunu ilk turdan mən də göstərirəm, Filip İvanoviç də, Marko Deviç də.