"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Arsenal" klubu İngiltərə Premyer Liqasında VII turun oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, rəqib "Uotford" olub. Londondakı "Emirates" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 80-ci dəqiqədə "Uotford"un futbolçusu Kreyq Katkart açıb. O, topu öz qapısına göndərib. 82-ci dəqiqədə isə Məsut Özil "topçular"ın aktivinə ikinci qolu yazdırıb.
Bu qələbə sayəsində xallarını 15-ə yüksəldən "Arsenal" 5-ci pillədə qərarlaşıb. "Uotford" isə 13 xalla 6-cıdır.
Qeyd edək ki, "Arsenal" növbəti oyununu oktyabrın 4-də Bakı Olimpiya Stadionunda "Qarabağ"a qarşı keçirəcək. Görüş saat 20:55-də başlayacaq.