"Hesab 4:0 olsa da, çətin matç alındı. Yaxşı hazırlaşmışdıq və meydana qələbə üçün çıxmışdıq. Futbolçular tapşırıqları maksimum yerinə yetirdilər. Hamıya dəstəyə görə minnətdarıq. Hər kəsə baş məşqçimiz Roberto Bordinin adından təşəkkür edirəm".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Füzuli Məmmədov evdə "Səbail"ə böyük hesabla qalib gəldikləri Topaz Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib. Mətbuat konfransında cəzalı Roberto Bordini əvəzləyən gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- Rəhman Hacıyevlə Namiq Ələsgərovda nə çatmır ki, əsas heyətdə oynasınlar?
- Hər ikisi bizim üçün dəyərli futbolçudur. Namiq zədədən yeni qayıdıb. Ona tam hazır olması üçün vaxt lazımdır. Rəhmana gəlincə, bu gün qərar verildi ki, start heyətində Emin Mahmudov olsun. Hacıyev son 2 oyunda ilk dəqiqələrdən meydanda olmudu. Ancaq bu gün əvvəldən ehtiyatda qalması məqsəduyğun sayıldı.
- "Neftçi"nin əsas heyətinə həftəlik məşq nəticəsinə əsasən qərar verilir?
- Əlbəttə. Rəqibi, hər şeyi nəzərə alaraq, start heyəti müəyyənləşdiririk. Kim hazır olsa, ona ilk dəqiqələrdən şans veririk.
- Bu gün Mirabdulla Abbasovu start heyətində gördük. Onun ilk dəqiqələrdən meydanda olması "Neftçi"nin işini asanlaşdırır, yoxsa...?
- Mirabdulla indi yaxşı formadadır. Ona görə əsas heyətdə yer alır. Kvame Karikari də yaxşı futbolçudur. Lazım olanda onu buraxırıq, lazım olanda Mirabdullanı. Elə oyun olur ki, bütün nüansları nəzərə alırıq. Rəqibi analiz edərək planımızı qururuq.
- Bordin oyunun gedişində hansı tapşırıqları vermişdi?
- Bordin bizə yaxın oturmuşdu və bütün oyunboyu tapşırıqlarını verirdi. Biz də onu komandaya çatdırırdıq. Baş məşqçimiz ortada daha etibarlı oynamağı, rəqibin səhvlərindən istifadə edərək qol vurmağı tapşırmışdı.
- Belə çıxır ki, bütün əvəzetmələri də o edirdi?
- Bəli.
- "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev oyunadn sonra gəlib komandanı təbrik etdi?
- Çingiz Abdullayev bu gün yox idi. Lakin klubun prezidenti, rəhbərlik gəlib təbriklərini çatdırdı. Buna görə onlara minnətdarıq.