Rusiya "Lokomotiv”inin 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Dmitri Lyapkin "III Qəbələ Kuboku”nun son qrup qarşılaşmasında Avstriya "Rapid"inə 0:3 hesablı məğlubiyyətdən sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, rusiyalı mütəxəssis yetirmələrinin rəqiblərindən daha gənc olmalarını önə çəkib.
- Turnir barədə nə deyə bilərsiniz?
- Burada meydançalar, infrastruktur, komandalara yaradılmış şərait çox gözəldir. Qalır yalnız oynamaq.
- İlk oyun günündə bir qələbə və bir əzmkar heç-heçə etdiniz. Bu gün isə rəqibinizə bütün komponentlərdə məğlub oldunuz...
- Bunu elə dünnki oyunlarla əlaqələndirərdim. Yetirmələrim bütün enerjilərini, emosiyalarını dünənki görüşlərdə xərclədilər. Həm də onlar rəqiblərinə nisbətən 1 yaş kiçikdirlər. Yaxşı ki, hissələr standart olaraq, 40 yox, 20 dəqiqə davam edir.
- Azərbaycan klubları barədə nə deyə bilərsiniz?
- "Neftçi” sovetlər dönəmində olduğu kimi, texnikalı futbola üstünlük verir. Təəssüf ki, "Qəbələ”ni iş başında görməmişəm. Çalışacam onların da oyununu seyr edim.
- Qrup mərhələsini başa vurdunuz. Favorit qismində kimi görürsünüz?
- Az öncə qeyd etdiyim kimi, hissələr 20 dəqiqə davam edir. Belədə bir sıra amillər də önə çıxır. Gördüklərimə əsasən, deyə bilərəm ki, "Anderlext” və "Fənərbağça” daha məzmunlu futbol sərgiləyirlər. Biz isə son oyunda "Neftçi”yə azarkeşlik edəcəyik. Axı yarımfinala vəsiqə qazanmağımız üçün bakılılar "Anderlext”i mütləq məğlub etməlidirlər.