Topaz Premyer Liqasında X turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, günün ikinci matçında "Qarabağ” "Sumqayıt”ı qəbul edib. "Azərsun Arena”nın işıqlandırma sistemində problem olduğu üçün görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Hesabı 25-ci dəqiqədə Ağdam komandasının futbolçusu Simeon Slavçev açıb. Bolqarıstanlı yarımmüdafiəçi cərimə meydançasının daxilində qəbul etdiyi topu hiyləgər zərbə ilə qapıdan keçirib. Bu, yay fasiləsində transfer olunan legionerin "Qarabağ”da ilk qolu olub.
Meydan sahibləri ikinci hissənin əvvəlində də qol vurmağı bacarıblar. 57-ci dəqiqədə künc zərbəsindən sonra rəqibin cərimə meydançasındakı qarışıqlıqdan istifadə edən Con Delarj fərqlənib. Bu, matçda son qol olub və Ağdam təmsilçi 5 oyunluq aradan sonra qalib gəlib - 2:0.
Bu nəticədən sonra komandaların turnir cədvəlindəki mövqelərində dəyişiklik baş verməyib. Xallarını 20-yə çatdıran "Qarabağ” 2-ci, 11 xalı olan "Sumqayıt” isə 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ” – "Sabah” və "Zirə - "Səbail” matçları ilə yekun vurulacaq.
-----------------------------
Topaz Premyer Liqasında X tura start verilib.
Sportnet.az xəbər verir ki, turun açılış matçı "ASK Arena”da keçirilib. "Keşlə” doğma meydanda "Neftçi” ilə üz-üzə gəlib. Qarşılaşma "Neftçi”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə yeganə qolu ikinci dəqiqədə Mirabdulla Abbasov vurub.
Bu nəticədən sonra "Neftçi” 25 xalla liderliyini davam etdirir. "Keşlə” isə 6 xalla 7-ci yerdədir.
Qeyd edək ki, günün digər matçında "Qarabağ” "Sumqayıt”la qarşılaşacaq. Tura sabah keçiriləcək "Qəbələ” – "Sabah” və "Zirə - "Səbail” matçları ilə yekun vurulacaq.
-------------------------------------------
Bu gün Topaz Premyer Liqasında X tura start veriləcək.
Sportnet.az xəbər verir ki, həftənin oyunları iki günü əhatə edəcək. Açılış matçı "ASK Arena"da olacaq. "Keşlə" doğma meydanda "Neftçi" ilə üz-üzə gələcək. İlk dövrədəki matçda qonaqlar qələbə qazanıb - 2:0.
"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov ötən mövsüm rəhbərlik etdiyi komandaya qarşı sərfəli nəticə qazanmağa çalışacaq. Komandalar bu vaxta qədər 56 dəfə qarşılaşıblar. Bunların 28-də "Neftçi", 14-də isə "Keşlə" sevinən tərəf olub. 14 matçda isə heç-heçə qeydə alınıb. Topların fərqində də flaqman öndədir - 86:58. Komandalar arasında keçirilmiş son 4 çempionat oyununda meydan sahibi olan tərəf qələbə qazanıb. Bu dueldə ardıcıl 11 oyundur heç-heçə qeydə alınmayıb. "Neftçi" hazırda 22 xalla turnir cədvəlinı başçılıq edir. "Keşlə" isə 6 xalla 7-ci pillədədir.
Günün ikinci matçı isə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Son turlarda qələbə qazana bilməyən "Qarabağ" "Sumqayıt"la üz-üzə gələcək. Ağdam təmsilçisinin ev oyunlarını keçirdiyi "Azərsun Arena"nın işıqlandırma sistemində problem yarandığından oyunun yeri dəyişdirilib. İlk dövrədə baş tutan görüşdə son ölkə çempionu 1:0 hesabı ilə qalib gəlib. "Qarabağ” çempionatda "gənclik şəhəri" təmsilçisinə qarşı ardıcıl 6 ev oyununda meydanı 3 xalla tərk edib. Ağdam klubu həmçinin rəqibə qarşı 12 matçdır meydanı qolsuz və xalsız tərk etməyib. Komandalar indiyədək çempionatda 25 dəfə üz-üzə gəliblər. "Qarabağ" 18, "Sumqayıt" isə 4 dəfə meydanı 3 xalla tərk edibsə, 3 oyunda qalib müəyyənləşməyib. Topların fərqində də Ağdam klubunun aşkar üstünlüyü var - 51:12. "Qarabağ" hazırda 17 xalla 2-ci, "Sumqayıt" isə 11 xalla 5-ci pillədə qərarlaşıb.
3 noyabr (şənbə)
17:00 "Keşlə” – "Neftçi” - 0:1
Qol: Mirabdulla Abbasov, 2
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Sərxan İsmayılov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Seymur Səlimli
"ASK Arena”
İlk dövrə - 0:2
19:00 "Qarabağ” – "Sumqayıt” 2:0
Qollar: Simeon Slavçev, 25. Con Delarj, 57
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Knyaz Əmiraslanov, Əliyar Ağayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk dövrə - 1:0
Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "Sabah" və "Zirə - "Səbail" matçları ilə yekun vurulacaq.