"5 oyundur qələbə qazana bilmirdik. Bizim üçün xoş deyildi. Bu, komandamıza yaraşmayan vəziyyət idi. Belə gedişata doğma meydanımızda oynadığımız ilk matçda qələbə qazanıb son vermək istəyirdik. Qalib gəlmək istəyimizi ilk dəqiqədən rəqibimizə hiss etdirdik. Qələbə qazandığımız üçün çox xoşbəxtik. Bunun davamını gətirmək istəyirik".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın futbolçusu Atilla Yıldırım "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
28 yaşlı hücumçu daha sonra jutnalistlərin suallarını cavablandırıb.
- Doğma meydanda bu mövsüm ilk dəfə idi ki, oynayırdınız. Bu, sizin üçün necə hiss idi?
- Əlbəttə öz meydanımızda, azarkeşlərmizin önündə oynamaq fərqli hisslərdi. Onların bizə dəstək olmaları rəqibimizi də həyəcanlandırır. Qələbə qazana bilmədiyiniz 5 matça baxanda görərik ki, evdə oynayacağımız matçları bu stadionda oynasaydıq, düşünürəm ki, daha fərqli nəticələr alardıq. Çünki azarkeşlər bizə əlavə güc verir.
- Vurduğunuz qol haqqında nə deyə bilərsiniz: Qapıçımın səhvi oldumu?
- Qapıçının səhvi də oldu, amma mən də həmin zonaya qaçdım, qapıçı da mənim gəldiyimi gördü və müəyyən qədər həyəcanlandı.
- Komandanın yeni baş məşqçisi Ayxan Abbasov haqqında nə deyə bilərsiniz: Onun komandaya qazandırdığı yeni özəlliklər nədir?
- Baş məşqçimizin istədiklərini meydanda yerinə yetirməyə çalışırıq. Bu gün "Səbail" komandasına qol epizodu vermədik. Baş məşqçimizin göstərişlərini tam yerinə yetirsək, daha da inkişaf edəcəyik.
- 13 matçda 2 dəfə fərqlənə bilmisiniz. Sizcə, bu, az deyilmi?
- Bütün matçlara baxsaq, girdiyim epizodları nəzərə alsaq, qol sayım normaldır. Gərək qol epizodu yaradasan ki, qol da vurasan.
- Hollandiya mətbuatında səninlə bağlı bir yazı var idi, ki, sən Azərbaycanla heç bir kök bağlılığının olmadığını demisən. Bu haqda nə deyə bilərsən?
- Həmin səhv aradan qaldırıldı. Yanlış qeyd olunmuşdu. Mətbuatda bu aralar bəzi xətalar olur. İzləyirsinizsə, "Fənərbağça"nın baş məşqçisi Ervin Kumanın da dedikləri səhv şəkikdə mətbuatda qeyd olunmuşdu. Amma komanda açıqlama verdi ki, baş məşqçimizin sözləri təhrif olunub.
- Yəni Hollandiya mətbuatı sizin üçün sarı mətbuatdır və əslində Azərbaycan kökəniniz var?
- Bəzi mətbuat orqanları daha çox oxunmaq üçün bu yollara əl atırlar. Bəli, mənim Azərbaycan kökənim var.
- Premyer Liqada artıq bütün rəqiblərlə qarşılaşmısınız. Sizcə, "Sumqayıt"ın potensialı neçənci yerdə mübarizə aparmağa çatır?
- İlk gəldiyim vaxtdan bəri deyirəm ki, bu cür keyfiyyətli komanda ilə avrokuboklara vəsiqə verən yerlərdən birini tuta bilərik. "Qara zolaq"da idik və bu nəticələr bizə yaraşmırdı. İndi qələbə qazandıq və ümid edirəm ki, "qara zolaq"dan çıxdıq.
- "Qara zolaq"dan tam çıxa bildiyinizi demək olar?
- Bunu mövsümün sonunda, istədiyimiz yeri tuta bilsək, dəqiq demək olar. Biz 5 oyundur qalib gələ bilmirdik və bu gün qələbə qazanıb yeni səhifə açdıq deyə bilərəm.
- İlk dövrənin son turunda lider "Netçi"ni büdrədə biləcəksiniz?
- Hər oyunun özünəməxsus planı olur. Biz də meydana hər matçda qələbə üçün çıxırıq. Həmin görüşdə də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Ötən mövsüm də "Sumqayıt" bu stadionda əksər matçlarda qalib gəlirdi. Bundan sonra da burada həmin nəticələri görmək olarmı?
- Düşünürəm ki, evdə keçirəcəyimiz görüşləri bu meydanda oynasaydıq, fərqli nəticələr alardıq. Çünki doğma meydan və azarkeş amili önəmlidir. Azarkeş futbolçuları irəliyə aparan qüvvədir.