İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç Kriştianu Ronaldu və Lionel Messinin "Qızıl top" mükafatının təqdimetmə mərasiminə qatılmamalarına dair qərarını şərh edib.
Sportnet.az-ın məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi bu addımı yaxşı qiymətləndirmədiyini bildirib.
"Kiminsə belə qərar verməsinin səbəbini izah edə bilmərəm. Amma bu, onların seçimidir. Belə çıxır ki, mükafatlar özləri aldıqları vaxt onlar üçün qiymətli olur. Fikrimcə, bu, digər oyunçulara, azarkeşlərə və onlara 10 ildir səs verən insanlara ədalətli münasibət deyil. Lakin hər kəs özünü bildiyi kimi aparır" deyən Modriç əlavə edib: "Burada hər şey asandır. Ronaldu və Messi son 10 il ərzində futbolda dominantlıq ediblər. Hər hansı mövsümdə sərgilənən oyunu götürsək, səslərin çoxu üst-üstə düşüb. Oyunçuların ustalıqlarını götürsək, mükafatları yalnız Messi və Ronalduya verək və heç bir səsvermə keçirməyək".
Qeyd edək ki, "Qızıl top" səsverməsində Kriştianu Ronaldu 2-ci yeri tutub. Lionel Messi isə 3-lüyə düşməyib.