Futbol üzrə Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, "Qarabağ" komandasıdır.
Evdə keçirdiyi 1/4 final mərhələsinin ilk oyununda "Keşlə"yə 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi cavab qarşılaşmasında lazımı nəticəni təmin edib.
"ASK Arena"da baş tutan görüşdə hesabı meydan sahibləri açıb. "Keşlə"nin forvardı Amil Yunanov 29-cu dəqiqədə baxımlı qola imza atıb. Qonaqlar fasilədən sonra - 50-ci dəqiqədə Miçel Madeyranın dəqiq zərbəsi ilə tarazılığı bərpa ediblər. Bu, oyunda vurulan son qol olub - 1:1.
Matçın 90-cı dəqiqəsində "Qarabağ"ın mərkəz müdafiəçisi Yakub Jezniçak ikinci sarı vərəqə alaraq komandasını azlıqda qoyub.
Beləliklə, "Qarabağ" yarımfinalda "Qəbələ" ilə, "Zirə" isə "Sumqayıt"la qarşılaşacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları gələn il aprelin 23-də, cavab matçları isə mayın 1-də olacaq.
----------------------------------------------------
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Əlincə Arena"da "Sabah" komandası "Qəbələ"ni qəbul edib. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 80-ci dəqiqədə Ceyms Adeniyi vurub.
Görüş bərabər mübarizə şəraitində keçib. Meydan sahiblərinə ilk matçdakı minimal hesablı məğlubiyyətin əvəzini çıxmaq lazım gəlsə də, kəsərli hücumlar qurmaları alınmayıb. Əvəzində "qırmızı-qaralar" əks-hücum zamanı istəklərinə çatıblar. Adeniyi müdafiəçilərdən dönən topu qüvvətli zərbə ilə tora göndərib.
Beləliklə, hər iki görüşdə eyni hesabla qalib gələn "Qəbələ" yarımfinala yüksəlib. Növbəti mərhələdə rəqib saat 19:00-da başlanacaq "Keşlə" - "Qarabağ" görüşünün nəticəsinə əsasən müəyyənləşəcək. İlk matçda Ağdam komandası qalib gəlib - 1:0. Digər yarımfinalda isə "Zirə" və "Sumqayıt" komandaları üz-üzə gələcək.
---------------------
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, son iki yarımfinalçının müəyyənləşəcəyi matçlar "Əlincə Arena” və "ASK Arena”da baş tutacaq. Əvvəlcə Masazırda debütant "Sabah” yarışın sonuncu finalçısı "Qəbələ”ni qəbul edəcək. Bu komandalar arasında reallaşan ilk görüşdə "qırmızı-qaralar” 1:0 hesabı ilə qalib gəliblər. Filip İvanoviçin avtoqolu meydan sahiblərinə qələbə qazandırıb.
Günün digər oyununda Azərbaycan Kubokunun sonuncu qalibi "Keşlə” ölkə çempionu "Qarabağ”ı qonaq edəcək. Bu kollektivlərin də ilk qarşılaşmasında meydan sahibləri tək qolla qalib gəliblər. Ağdamlılar Rahil Məmmədovun dəqiq zərbəsi ilə vacib qələbə əldə ediblər.
Qeyd edək ki, bu iki cütün qalibi yarımfinalda bir-biri ilə üz-üzə gələcək. Digər yarımfinal görüşündə isə "Zirə" və "Sumqayıt" komandaları qarşılaşacaq.
Yarımfinal mərhələsinin ilk oyunları 2019-cu il aprelin 23-də, cavab görüşləri isə mayın 1-də olacaq.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
20 dekabr (çərşənbə axşamı)
16:00. "Sabah” – "Qəbələ” - 0:1
Qol: Ceyms Adeniyi, 80
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Əlincə Arena”
İlk oyun – 0:1
19:00. "Keşlə” – "Qarabağ” - 1:1
Qol: Amil Yunanov, 29 - Miçel Madeyra, 50
Qırmızı vərəqə: Yakub Jezniçak, 90 ("Qarabağ")
Hakimlər: İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"ASK Arena”
İlk oyun – 0:1