"Neftçi” futbol komandasının qapıçısı Rəşad Əzizli karyerasını "Sumqayıt”da davam etirməyə yaxındır.
Sportnet.az xəbər verir ki, bu barədə "Report”a "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Ayxan Abbasov bildirib. 37 yaşlı mütəxəssisin sözlərinə görə, 24 yaşlı qolkiperin keçidi üçün 2019-cu ilin iyununa qədər müqaviləsi olduğu klubu ilə razılıq əldə edilib: "Neftçi” ilə məsələni həll etmişik. Futbolçunun özü ilə danışırıq. Sözləşmənin detalları barədə müzakirə aparırıq. Bir neçə günə dəqiqləşəcək. Bir problem çıxmasa, müqavilə bağlanılacaq”.
A.Abbasov daha əvvəl "Zirə”də rəhbərliyi altında çıxış etmiş mərkəz müdafiəçisi Adil Nağıyevin "Sumqayıt”a mümkün transferini də şərh edib: "Zirə” də bizim mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadəni istəyir. Yəni, oyunçuların dəyişdirilmə məsələsi var. Amma hələlik bu barədə yenilik yoxdur”.
Qeyd edək ki, "Sumqayıt” "Zirə”nin qapıçısı Kamal Bayramovun da xidmətində maraqlıdır.