Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” komandası bu gün ilk yoxlama oyununa çıxacaq.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yanvarın 15-də baş tutmalı olan Qazaxıstanın “Taraz” klubu ilə görüş əlverişsiz hava şəraiti üzündən ləğv edildiyi üçün Rumıniya “Voluntari”si ilə qarşılaşma ilk xarakteri daşıyacaq. Bu, rəqiblər arasında 2-ci matç olacaq. 1 il əvvəl – 2018-ci il yanvarın 27-də də "Zirə" “Voluntari”ni sınağa çəkib. Həmin vaxt “qartallar” 2 cavabsız qolla qələbə qazanıb. Rəqib qapısına Elşən Abdullayevlə Vüsal İsgəndərli yol tapıb.
Sabahkı matç “Zirə”nin Rumıniya klubları ilə ümumilikdə 6-cı, yoxlama oyunlarında 4-cü sınağı olacaq. İndiyədək “Zirə” bu ölkədən olan komandalarla 2 avrokubok və 3 hazırlıq matçı keçirib.
2017/2018 mövsümündə UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Astra” ilə görüşən "Zirə" bu iki rəsmi qarşılaşmadan sonra mübarizəni dayandırıb – 1:3, 0:0. Rumıniyalılarla səfərdəki ilk görüşdə komandamızın heyətində Rəşad Sadiqov fərqlənib.
Rumıniyalılarla ilk yoxlama görüşü isə 2016-cı il yanvarın 22-də baş tutub. “Zirə” “Tırqu Mureş”i 1:0 hesabı ilə məğlub edib. Yeganə qola Luiz Alberto Diez imza atıb.
2017-ci il iyunun 20-də isə rəqib “Vitorul” olub. Bu dəfə 1 qol “Zirə”yə kifayət etməyib. Orxan Əliyevin qol vurduğu matçda rumıniyalılar 2:1 hesabı ilə qalib gəlib.
“Voluntari” ilə matç “Zirə”nin ümumilikdə Türkiyədəki toplanışlar çərçivəsindəki 20-ci yoxlama oyunu olacaq. Azərbaycan təmsilçisi “İnter”lə (indiki “Keşlə”) matçı saymasaq, 18 beynəlxalaq yoxlama görüşündə 7 qələbə qazanan “Qartallar” eyni sayda məğlubiyyət alıb və 4 heç-heçə edib. 23 qol vuran futbolçularımız 18 top buraxıb.
Qeyd edək ki, bugünkü oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.