
“Bu gün iki oyun keçirmək istəyirdik. Fikrimiz hər kəsə 90 dəqiqə şans vermək idi. Birinci oyun hava şəraitinə görə 45 dəqiqə çəkdi. Meydanda olan futbolçular bu müddətdə yaxşı təsir bağışladılar. İkinci oyundakı rəqibimiz də kifayət qədər yaxşı klub idi. Oyun planlaşdırılan yerdə baş tutmadı, çətinliklə Manavgat stadionuna gəldik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt" komandasının baş məşqçisi Ayxan Abbasov Türkiyənin Antalya bölgəsində gün ərzində Almaniyanın regional liqa təmsilçisi “Optik Rathenow” və Serbiya "Zemun"u ilə keçirdikləri yoxlama matçları barədə danışarkən deyib. Gənc mütəxəssis "Zemun"la qarşılaşmanın maraqlı alındığını bildirib: "Dünənki ağır məşqdən sonra keçirilən oyunun sonunda futbolçularımdan razı qaldım. Onların qələbə qazanma istəkləri məni qane etdi. Sevindiricidir ki, toplanışı qələbə ilə başa vurduq. Bakıya qayıtdıqdan sonra bəzi səhvlərimizi tam aradan qaldırıb, “Qəbələ” ilə qarşılaşmaya tam hazır olmağa çalışacağıq”.
Qeyd edək ki, "Sumqayıt" “Optik Rathenow” ilə görüşün ilk yarısında 0:1 hesabı ilə uduzub. İkinci hissə isə əlverişsiz hava şəraiti ilə əlaqədar keçirilməyib. "Zemun"la qarşılaşma isə "gənclik şəhəri" təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.