"Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması özünü yaxşı tərəfdən göstərdi, gələcəyə ümid verdi. Komandamız 4 oyunun hər birində qələbə qazanmağa yaxın idi".
Bunu Sportnet.az-a açıqlamasında U-19-un Antalya toplanışını izləyən AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib. Toplanışdan razı qalan Sadıqov yığmanın bütün üzvlərinə şans verildiyini vurğulayıb. O, yığmanın komanda şəklində çıxışını müsbət qiymətləndirməklə yanaşı, İngiltərənin səviyyəcə V liqasındakı "Fayld" klubundan dəvət olunmuş hücumçu Sərhat Daşdəmirin də çıxışından bəhs edib: "Sərhat da özünü özünü müsbət tərəfdən göstərdi, 4 matçın 3-də qol vurdu. Yaxşı keyfiyyətlərə malikdir, gələcəkdə hücum xəttində rəqabət yaradacaq potensialı var".
Komitə sədri U-19 millisindən əlavə klubların da oyunlarını izlədiklərini söyləyib: "Klublarımız da özlərini ən yaxşı tərəfdən göstərdilər. "Zirə" Rusiyanın I Divizionunun liderinə qalib gəldi, "Neftçi" Bolqarıstan çempionatının iddialı komandasını darmadağın etdi. Düzdür, belə hava şəraiti ilə ilk dəfə rastlaşdım. Amma toplanış keçirənlər hər şey edirdilər ki, işlər peşəkarcasına qurulsun. Məşq üçün meydanlar tapmaqda kömək edirdilər. Gördüklərimə əsasən deyə bilərəm ki, bizi çox maraqlı, intriqalı çempionat gözləyir".
Qeyd edək ki, U-19 Antalya toplanışında Rusiyanın “Dinamo-2” (Moskva) komandası ilə 0:0, “Krasnodar-3” klubu və Küveytin U-19 yığması ilə 1:1, Norveç "Tromse"si ilə 2:2 hesablı heç-heçə edib - 1:1.