“Zirə”nin yeni transferi Xulio Rodriqes Premyer Liqanın XV urunda “Sabah”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra brifinq keçirib. Sportnet.az xəbər verir ki, paraqvaylı hücumçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb...
- “Zirə”də debütünüz uğursuz alındı. Səbəb nə idi?
- Mənim tərəfimdən elə də yaxşı olmadı. Daha yaxşısını gözləyirdim, ancaq belə oldu. Ümid edirəm ki, gələcəkdə daha yaxşı olacaq. Hücumda problemlərimiz vardı. İşləmək lazımdır.
- Autsayder komandaya keçəndə nə fikirləşdiniz?
- Hər şey elə də pis deyil. Komandanın gələcəyi pis görünmür. Bizim üçün hər bir qarşılaşma finala bərabər olacaq. “Zirə”nin ən yaxşı oyunları irəlidədir.
- Bu gün rəqibin heyətində həmyerliniz Erik Ramos sizə qarşı oynadı...
- Bir-birimizi elə də yaxşı tanımırdıq. Çünki daha çox Argentinada çıxış etmişəm. Burada tanış olduq.
- Tam gücünüzlə oynamaq üçün sizə nə qədər vaxt lazımdır?
- Üzərimdə işləməyə davam edirəm. İnanıram ki, özünəinamı geri qaytaracağam və getdikcə daha yaxşı oynayacağam.
- İlk dəfədir Avropada oynayırsınız...
- Bəli. Daha əvvəl belə bir imkanım olmayıb. Dostum, Fransisko Qarsiya ("Neftçi"nin paraqvaylı sabiq yarımmüdafiəçisi - red.) Azərbaycan haqda mənə məlumat verdi və bura gəlməyi məsləhət gördü.
- “Zirə” autsayder olsa da, ölkə kubokunda yarımfinala yüksəlib...
- Yaxşı ki, komandamız yarımfinaldadır. Amma çempionat da bizim üçün vacibdir. Düşünürəm ki, yuxarı pillələrə qalxa bilərik.