“Qış fasiləsindən sonra ilk oyun idi. Təlim-məşq toplanışımız yaxşı keçmişdi. Bu gün qələbə qazanmaq istəyirdik. Nəticə qazandıq, yolumuza davam edirik”.
Sportnet.az xəbər verir ki, bunu “Qəbələ”nin futbolçusu Cavid Hüseynov Azərbaycan Premyer Liqasının XV turunda evdə “Sumqayıt” üzərində 1:0 hesablı qələbə qazandıqları görüşdən sonra “Report”a açıqlamasında deyib. 31 yaşlı kapitan bildirib ki, qalibiyyətə rəğmən, komandası bacarğını tam nümayiş etdirə bilməyib: “Əsas nəticədir. Lakin oyundan heç vaxt tam razı qalmaq olmur. Bu, daha çox baş məşqçiyə aid məsələdir. Komanda hardasa bacarığının 50-60 faizini nümayiş etdirdi. Daha da yaxşı oynaya bilərdik. Mənim də qol imkanım vardı, yararlana bilmədim. Qismət...”
Hüseynov “Təmkin Xəlilzadənin qış fasiləsində “Qəbələ”dən gedişi oyununuza təsir etmədi ki” sualına belə cavab verib: “Jurnalistlər niyə bu sualın üzərində dayanıb, anlamıram. Futbolçu bu gün burdadır, sabah başqa yerdə. Onun da yerinə başqasını gətiriblər. Komandamız yaxşı vəziyyətdədir”.
Qeyd edək ki, “Qəbələ” "Sumqayıt"ı 84-cü dəqiqədə Stiven Jozef-Monrozun vurduğu qolla məğlub edib.