İngiltərə Premyer Liqasında XXVI turun mərkəzi görüşü "Mançester Siti" və "Çelsi" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Mançester şəhərindəki "Etihad" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0. Qollardan 3-nü Serxio Aqüero vurub. O, 13-cü, 19-cu və penaltidən 56-cı dəqiqələrdə fərqlənib. Bununla da argentinalı hücumçu Premyer Liqada 11-ci "het-trik"ini rəsmiləşdirərək, bu göstəricidə Alan Şirerə çatıb. Digər tərəfdən, Aqüero bu mövsüm üçüncü dəfə bir oyuna 3 qol vurub. Onun aktivində 23 oyuna 17 qol və 6 məhsuldar ötürmə var.
"Çelsi" ilə matçda digər qolların müəllifləri 4-cü və 80-ci dəqiqələrdə Rahim Sterlinq, 25-ci dəqiqədə İlkay Gündoğan olub.
Bu qələbə sayəsində "Mançester Siti" xallarını 65-ə çatdırıb və ən azı bir günlük liderliyə yüksəlib. 50 xalı olan "Çelsi" isə 6-cı pilləyə enib.
Qeyd edək ki, "Çelsi" 1991-ci ildən sonra ilk dəfə 6 top fərqi ilə uduzub. Son olaraq, "zadəganlar" "Nottingem Forest"ə belə böyük fərqlə yeniliblər - 0:7.