Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, yarışın son qalibi İspaniya "Real Madrid"i Hollandiyada "Ayaks"ın qonağı olub. İngiltərə "Tottenhem"i isə Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edib. Hər iki qarşılaşmada 3 qol vurulub. Bu qolların hamısı ilk oyun günündə olduğu kimi, ikinci hissəyə təsadüf edib. "Tottenhem" "Borussiya"nı darmadağın edərək, növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib. "Real Madrid" isə səfər qələbəsinə nail olub - 2:1. Hərçənd, ilk yarıda "Ayaks"ın qolu VAR sisteminə müraciət olunduqdan sonra sayılmayıb.
Qeyd edək ki, bu cütlüklər arasında cavab görüşü martın 5-də keçiriləcək.
----------------
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, Hollandiyanın “Ayaks” komandası Amsterdamda İspaniya “Real Madrid”ini qəbul edəcək. Dortmund “Borussiya”sı isə Londonda “Tottenhem”in qonağı olacaq.
“Ayaks” qrup mərhələsini 2-ci yerdə başa vursa da, 6 oyundan heç birində uduzmayıb – 3 qələbə, 3 heç-heçə. Gənclərin və təcrübəli oyunçuların ideal vəhdətindən formalaşan Erik ten Haqın rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində 14 oyundur yenilmir.
Hollandiya çempionatında 21 turdan sonra 50 xal toplayan “Ayaks” 2-ci pillədə qərarlaşıb və lider PSV-dən 6 xal geri qalır. Amsterdam təmsilçisi son vaxtlar qeyri-stabil çıxışı ilə diqqət çəkir. Komanda “Feyenoord”a səfərdə 2:6 uduzduqdan sonra evdə “Venlo”ya 6 top vurub. Axırıncı turda isə rəqib meydanında “Herakles”ə tək qolla məğlub olub.
“Real Madrid” ötən həftə Kral Kubokunda “Barselona”ya qarşı ilk yarımfinal oyununu keçirdib və səfərdə sərfəli nəticə qazanıb – 1:1. Bunadək isə madridlilər ardıcıl 5 matçda qalib gəlib. Santyaqo Solarinin baş məşqçisi olduğu komanda La Liqanın sonuncu turunda “Atletiko”nu 3:1 hesabı ilə üstələyib.
Ölkə çempionatında 23 turdan sonra 45 xal toplayan “Real Madrid” 2-ci sırada qərarlaşıb və lider “Barselona”dan 6 xal geri qalır. “Kral klubu” ÇL-də pley-offa qrup qalibi kimi vəsiqə qazanıb.
Komandaların heç birinin heyətində cəzalı durumda olan futbolçu yoxdur. Lisandro Maqalyan zədə üzündə “Ayaks”a kömək edə bilməyəcək. “Real Madrid”də isə Markos Lorente zədəlidir. İsko və Xesus Valexonun durumu isə sual altındadır.
“Real Madrid” ardıcıl 4-cü dəfə ÇL-in qalibi olmaq istəyir. “Ayaks” isə 16 ildir 1/4 finala adlaya bilmir.
Bukmekerlər matçın favoriti qismində ispanları görürlər. “Real Madrid”in qələbə əmsalı 1,80, “Ayaks”da isə bu göstərici 3,45-dir. Heç-heçəyə isə 3,65 verilib.
“Tottenhem” artıq cari mövsümdə iki turnirdən kənarlaşdırılıb. Liqa Kuboku və İngiltərə Kubokunda mübarizəni dayandıran London təmsilçisi bundan sonra Premyer Liqada keçirdiyi ardıcıl 3 oyunda qalib gəlib. Maurisio Poçettinonun rəhbərlik etdiyi kollektiv evdə “Uotford” (2:1), “Nyukasl” (1:0) və “Lester”i (3:1) üstələyib.
Ölkə çempionatında 60 xalla 3-cü pillədə qərarlaşan “Tottenhem” ilk iki sıradakı “Liverpul” və “Çelsi”dən 5 xal geri qalsa da, qızıl medallardan əlini üzməyib. ÇL-də qrup ikincisi kimi pley-offa yüksələn paytaxt komandası qitənin ən nüfuzlu klub turnirində yoluna davam etməyi hədəfləyib.
“Tottenhem”dən fəqli olaraq, “Borussiya” son matçlarda uğurlu qrafik cızmır. Lyusyen Favrın baş məşqçisi olduğu komanda Almaniya Kubokunun 3-cü mərhələsində “Verder”ə uduzub (3:3, pen. 2:4), Bundesliqada isə “Ayntraxt” (1:1) və “Hoffenhaym”la (3:3) heçə edib. Buna rəğmən, Dortmund klubu ölkə çempionatında 21 turdan sonra 50 xalla liderdir və ən yaxın izləyicisi “Bavariya”nı 5 xal qabaqlayır.
“Borussiya” pley-offa qrup qalibi kimi vəsiqə qazanıb və keçirdiyi 6 oyunda cəmi 2 qol buraxıb.
Komandaların heyətində cəzalı futbolçu olmasa da, “Tottenhem” zədəli Harri Keyn və Dele Allinin xidmətindən yararlana bilməyəcək. Ben Devisin durumu isə sual altındadır. “Borussiya”da isə Marko Roysla Manuel Akanci zədəlidir.
“Tottenhem” 2017/2018 mövsümündə ÇL-in qrup mərhələsində “Borussiya”nı hər iki oyunda məğlub edib (3:1, 2:1). Dortmundlular isə 2015/2016 mövsümündə Avropa Liqasının 1/8 finalında üstün olublar (3:0, 2:1).
Bukmekerlər “Tottenhem”i daha şanslı görür. London klubunun qələbə əmsalı 2,15-dir. “Borussiya”nın zəfərinə 3.00, heç-heçəyə isə 3,30 əmsalı təqdim olunur.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 5-də keçiriləcək.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
13 fevral
24:00. “Ayaks” (Hollandiya) – “Real Madrid” (İspaniya) - 1:2
Qollar: Hakim Ziyeş, 75 - Kərim Benzema, 60. Marko Asensio, 87
37-ci dəqiqədə Nikolas Talyafikonun qolu VAR sisteminə müraciət olunduqdan sonra ləğv olunub.
Baş hakim: Damir Skomina (Sloveniya)
Amsterdam. “Yohan Kroyff Arena”
24:00. “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) - 3:0
Qollar: Son Hyunq-Min, 47. Yan Vertongen, 83. Fernando Lyorente, 86
Baş hakim: Antonio Mateu Laos (İspaniya)
London. “Uembli” stadionu