"Sumqayıt" komandasının baş məşqçisi Ayxan Abbasovun Sportnet.az-a müsahibəsi
- Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə "Keşlə" ilə qarşılaşacaqsınız. Hər ikiniz qış fasiləsindən sonrakı görüşlərinizdən məğlub ayrılmısınız. Bu mənada autsayderlə matçın sizin üçün çətin olacağını düşünmürsünüz?
- Əslində hər bir oyun vacibdir. Bu görüş isə hər ikimiz üçün önəmlidir. Matçın gərgin mübarizə şəraitində keçəcəyini gözləyirik. Həftə ərzində futbolçularımızla söhbətlərdə çalışmışıq ki, hərtərəfli hazırlqlı olaq. Amma təkcə bu oyunla da heç nə bitmir. Hələ qarşıda daha 11 tur olacaq. Mübarizə çempionatın sonunadək gedəcək. Gərək hazırlıqlı olaq.
- "Sumqayıt"ın məğlubiyyətlərini rəqiblərin iddialı "Qəbələ" və "Qarabağ" olmaları ilə əlaqələndirmək mümkündür?
- Deməzdim ki, oyun baxımından bu komandaların ikisindən də geri qalmışıq. Amma məğlub olmuşuqsa, deməli, səhvlərimiz, çatışmayan cəhətlərimiz var. Bunların üzərində işləyirik. Nöqsanların aradan qaldırılmasına vaxt lazımdır. Tədricən düzələcəyinə inanıram.
- Səhvlərdən danışarkən, "Qarabağ"la oyundan sonra dediniz ki, futbolçularınız uzaqdan zərbələr vura bilmirlər. Daha hansı çatışmazlıqları qeyd edərdiniz?
- Əslində zərbələr olur. Sadəcə, topun "çərçivə"yə yönəlib-yönəlməməsi söhbəti var. Məsələn, "Qarabağ"la görüşdə Əfran İsmayılovun uzaqdan zərbəsi oldu. Biz qol vurmaqda çətinlik çəkirik. Çalışırıq ki, hücum xəttində bu çatışmazlığı aradan qaldıraq. Bunun üçün isə qol vurmaq lazımdır.
- İsmayılov son oyununuzda ikinci hissədə meydana daxil olduqdan sonra oyununuzda fəallıq artdı. Bununla əlaqədar sual yarandı ki, niyə o, əvvəlcədən meydanda deyildi?
- Kənardan bilmədən tez qərar vermək Azərbaycanda çox rahatdır. Əfran əsas oyunçularımızdandır. Şəxsi problemləri olduğu üçün "Qəbələ" ilə görüşdən sonra bir-iki məşqi buraxmışdı. "Qarabağ"la qarşılaşmaya tam hazır deyildi. Sağ olsun ki, meydanda 45 dəqiqə ərzində güc qoya bildi.
- "Keşlə" ilə qarşılaşma Premyer Liqada ən bərbad örtüyə malik "ASK Arena"da olacaq. Belə süni örtüklü meydanda oynamağa nə dərəcədə hazırsınız?
- Ötən gün həmin meydanda, əvvəlki gün isə "Kapital Bank Arena"nın süni örtüyündə məşq etdik. İki komanda üçün də eyni şərtlərə malik meydandır. Bunu bəhanə etməyə, ruhdan düşməyə vaxtımız yoxdur. Peşəkar futbolçulara malik komandayıqsa, yalnız oynamaq lazımdır. Başqa əlacımız yoxdur.