
"Əvvəla üzr istəyirəm. Paltardəyişmə otağı yaxın idi. Sizin qarşınızda belə şey olmamalı idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XVII turunda "Keşlə"yə səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib. Konfransa əsəbi halda gələn Abbasovu hətta klub prezidenti Riad Rəfiyev də sakitləşdirə bilməyib. Əvvəlcə "mümkün deyil" deyən Abbasovun istefa verməsi gözlənilirdi.
O isə bu fikirləri səsləndirib: "Uşaqlar yaxşı hazırlaşmışdı. Qələbə qazanmaq istəyirdik. Bilirdik ki, məğlubiyyət işimizi çətinləşdirəcəkdi. Rəhbərliklə görüşümüz olacaq".
- Görüş nədən ibarət olacaq?
- Bəzi şeylər dəyişməlidir. Avrokuboka getmək istəyiriksə, dəyişilməlidi. Bu baş verməsə, yəqin ki, bu klubda olmayacam.
- Legioner istəyirsiniz?
- Təkcə legioner söhbəti deyil. Azarkeş qələbə, avrokuboka getmək istəyir. Görürsünüz ki, çətindir. Bizim də səhvimiz olub. Hamımızın səhvi var. Yaxşı hazırlaşmışdıq, çox şey gözləyirdik. Futbolda bəzi qaydalar var, bunu heç kim pozmamalıdır.
- Penalti epizodu barədə nə deyə bilərsiniz?
- Epizodu görmədim.