Azərbaycan Premyer Liqasının XVIII turunda “Qəbələ” və “Keşlə” komandaları tarixdə 48-ci dəfə üz-üzə gələcəklər.
Sportnet.az-ın məlumatına görə, əvvəlki 47 görüşdə “qırmızı-qaralar” 15 qələbə qazanıb, 16 heç-heçə və eyni sayda məğlubiyyətlə üzləşib. Başqa sözlə, fevralın 23-də Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmada qonaqlar qələbə sayını bərabərləşdirə bilərlər.
Əvvəlki duellərdə ümumilikdə 110 qol vurulub. 50 dəfə rəqib qapısına yol tapan "Qəbələ" 60 top buraxıb. “Keşlə” ilə oyunlarda “Qəbələ”nin ən məhsuldar oyunçusu 5 qola sevinən Daniel Subotiçdir.
47 oyundan 42-si Premyer Liqa, 5-i Azərbaycan Kubokuna təsadüf edib. Çempionat matçlarında 12 dəfə qalib gələn “Qəbələ” 16 heç-heçə edib və 14 dəfə uduzub. Əyalət komandası 43 qol vurduğu bu qarşılaşmalarda 53 top buraxıb.
“Qəbələ” 24-cü dəfə “Keşlə”ni öz meydanında qonaq edəcək. Evdə üstünlüyə malik olan “qırmızı-qaralar” 8 qələbə qazanıb, 10 heç-heçə edib və 5 dəfə uduzub. Rəqib qapısından 27 top keçirən şimallılar 22 qol buraxıb.
Qeyd edək ki, oyun saat 14:00-da başlanacaq.