İngiltərəli Mark Klattenburq baş hakim karyerasını bərpa etməyə qərar verib.
Sportnet.az-ın "The Sun"a istinadən məlumatına görə, 43 yaşlı referi mart ayından Çin çempionatı matçlarında işə başlayacaq.
"Həqiqətən də həyəcanlıyam. Bu, yeni çağırışdır. Son illər Çin çempionatının səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. İndi hakimliyin səviyyəsini də qaldırmaq istəyirlər. İşə başlacağım günü səbirsizliklə gözləyirəm" deyə məşhur ədalət təmsilçisi bildirib.
Qeyd edək ki, Mark Klattenburq 2004 - 2017-ci illərdə İngiltərə Premyer Liqasının oyunlarını idarə edib. 2016-cı ildə isə Klattenburq İngiltərə Kuboku, Çempionlar Liqası və Avropa çempionatının final oyunlarının baş hakimi olub. Sonradan o, Səudiyyə Ərəbistanında Hakimlər Komitəsinin başına keçib. Lakin ingiltərəli referi hakimlərdən biri ilə bağlı qalmaqal üzündən postunu tərk edib.