Azərbaycan Premyer Liqasında XVIII turun "Sabah" - "Qarabağ" matçında baş hakim İnqilab Məmmədov meydandakı 26 futbolçudan 9-na sarı vərəqə göstərib.
Sportnet.az-ın məlumatına görə, sarı vərəqələrdən 6-sı meydan sahiblərinin, 3-ü isə qonaqların payına düşüb. Üstəlik, bir qırmızı vərəqə də qeydə alınıb.
Gənc referi artıq 23-cü saniyədə "Sabah"ın yeni transferi Coşqun Diniyevə xəbərdarlıq edib. Bundan 6 dəqiqə sonra o, eyni vaxtda debütantın daha 2 futbolçusu - Eltun Turabov və Erik Ramosu cəzalandırıb. Daha sonra Məmmədov 2 dəqiqə ərzində 2 dəfə əlini cibinə salıb. Baş hakim 24-cü dəqiqədə "Sabah"dan Məqsəd İsayevə, 25-ci dəqiqədə isə "Qarabağ"dan Maksim Medvedevə sarı vərəqə göstərib. 34-cü dəqiqə növbə qonaq komandanın qolunun müəllifi Reynaldo Silvaya yetişib.
Məmmədov fasilədən dərhal sonra - 47-ci dəqiqədə "Sabah"ın daha bir yeni transferi Təmkin Xəlilzadəyə sərt üzünü göstərdikdən sonra bir az "yavaşıyıb". Lakin son 20 dəqiqə ərzində o, yenidən fəallaşıb. 70-ci dəqiqədə baş hakim meydan sahiblərinin növbəti qış transferi Rəşad Eyubovu "saraldıb". 78-ci dəqiqədə isə o, Ramosu ikinci sarı vərəqə ilə meydandan qovub. Nəhayət, o, son nöqtəni avtoqol müəllifi Bədavi Hüseynovu 87-ci dəqiqədə cəzalandırmaqla qoyub.
Sarı vərəqələrdən 8-i qeyri-idman hərəkətlərinə görə göstərilib. Yalnız Ramos ilk vərəqəni qeyri-idman hərəkəti, ikincisini isə oyununun bərpasını ləngitdiyinə görə alıb. Digər tərəfdən, Məmmədov ilk yarıya 1, ikinci hissəyə isə 6 dəqiqə əlavə edib.
1:1 hesablı heç-heçə ilə nəticələnən qarşılaşmada "Sabah" 3 əvəzetmənin hamısından, "Qarabağ" isə yalnız 1-dən yararlanıb.
Qeyd edək ki, bu, İnqilab Məmmədovun qış fasiləsindən sonra Premyer Liqada idarə etdiyi ikinci oyun olub. O, XVI turda "Neftçi"nin evdə 2:0 hesabı ilə qalib gəldiyi görüşdə 6 sarı vərəqədən 5-ni "Keşlə"nin oyunçularına göstərib. Üstəlik, Məmmədov 68-ci dəqiqədə qonaq komandanın qapısına təyin etdiyi penaltini iki dəfə təkrarladıb.