
Hakimlik karyerasını başa vuraraq, hakim-inspektor kimi fəaliyyətə başlayan Ramil Diniyevin Sportnet.az-a müsahibəsi
- Hakimliklə vidalaşmağınıza səbəb nə oldu?
- Karyeramı zədələrə görə bitirdim. İki dəfə qasıq nahiyəmdən, daha sonra sağ diz meniskimdən əməliyyat olunmuşdum. 2018-ci ilin oktyabr-noyabr aylarında isə oyunlardan və normativlərdən sonra ağrılar başladı. Müayinədən keçdikdə sol diz meniskimdə problem aşkarlandı. Bir tərəfdən də yaş gedirdi. Nə qədər əməliyyat olunmaq, iynə vurdurmaq olar? Heç futbolçular mənim qədər əməliyyat olunmayıblar. Götür-qoy etdim və Hakimlər Komitəsinin yeni sədri Frits Ştuxliklə də danışdım. Ştixlik "Mənə həm hakim kimi, həm də hakim-inspektor kimi lazımsan. Hakim-inspektor olaraq, sənə birbaşa Premyer Liqa oyunlarına təyinat verməyə hazıram" dedi. Mən də hakimliklə vidalaşıb hakim-inspektor kimi işə başlamağı qərara aldım.
- Artıq debüt də etmisiniz...
- Bəli, 3 oyunda iş başında olmuşam. Bunlardan 2-si I Diviziona, 1-i isə Premyer Liqaya təsadüf edib.
- Zədələri hakimlik etdiyiniz vaxt almışdınız, yoxsa əvvəllər futbol oynayarkən?
- Əlbəttə, I Divizion və Premyer Liqada vaxtilə futbol oynamışam. O vaxtlar meydanların hamısı bərbad, daha sonra bir çoxu süni örtüklü idi. Bunlar yaş keçdikcə özünü yavaş-yavaş büruzə verməyə başlayırdı. Nəticədə çoxlu ağrılarım olurdu. Gördüm ki, belə çox çəkməyəcək. Vaxt da, yaş da gedirdi. Ona görə də hakimlikdən getməyi məqsədəuyğun saydım.
- Amma hakimlikdən gedişiniz Ştuxlikin Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri kimi fəaliyyətə başladığı vaxta təsadüf etdi...
- Ştuxlik bu vəzifəyə sentyabrın 14-də təyin olunub. Mən isə sentyabrın 16-da IV turun "Neftçi" - "Keşlə", sentyabrın 26-da isə I turdan təxirə salınmış "Qarabağ" - "Zirə" matçlarını idarə etdim. I Divizionda isə oktyabrın 3-də VI turun "Neftçi-2" - "Şüvəlan" qarşılaşmasında iş başında oldum. Zədəm də bu oyunlarda özünü büruzə verməyə başladı. Son qarşılaşmalarıma iynə vurduraraq çıxmışdım. Burada Ştuxliklə bağlı bir şey yox idi. Əksinə, təcrübəli referi kimi qalmağımı istəyirdi. Deyirdi ki, yeni gələnlər gənclərdir. Oyunlarıma da baxmışdı, idarəçiliyim xoşuna gəlmişdi. Amma qərar verməyi öz öhdəmə buraxmışdı. Hakim-inspektor kimi dərhal Premyer Liqaya təyinat alacağımı deyərkən, Premyer Liqa təcrübəmin olmasını və yeni qaydaları bilməyimi önə çəkmişdi. Açığı, əmim Şahin Diniyevlə də oturub fikirləşdik və qərar qəbul etdik.
- Hazırda hakim-inspektorluq sarıdan vəziyyət necədir?
- Orada da ciddi dəyişikliklər baş verib. Hakim-inspektorların çoxu gedib. Bütün oyunlarda cəmi 14 nəfərdən istifadə olunur. Yetərincə matçda iştirak edirik. Burada perspektivin daha çox olduğunu düşünərək, belə qərara gəldim.
- Hakimliklə hakim-inspektorluq arasında fərq nədən ibarətdir?
- Hakim kimi işim daha çətin və məsuliyyətli idi. Bütün qərarlar məndən asılı idi. Səhv və ya düzgün qərar verə bilərdim. Bunların komandanın nəticəsinə təsir etməsi də mümkün idi. Hakim-inspektor kimi isə bu baxımdan bir qədər işim rahatdır. Amma bu işin də öz çətinlikləri var. Hazırda bütün sistem dəyişilib, elektron sistem tətbiq olunub. Raportları düzgün doldurmalı, hakimliyi doğru qiymətləndirməlisən. Hakimliyi bilməlisən, anlamalısan ki, ona qiymət verə biləsən. Hakim epizoda bir dəfə reaksiya verərək, onu dəyərləndirirsə, sən də ona uyğun qiymətini yazırsan. Bunun da inzibati cəhətdən öz çətinliyi var. Verəcəyin səhv qiymət sonda hakimlərin reytinqinə mənfi təsir göstərə bilər. Fiziki yüklənmələr cəhətdən hakimlik daha çətindir. Amma hakim-inspektor kimi qaydalardan xəbərdar olmalısan. Özünüz də görürsünüz ki, cəmi 14 hakim-inspektor qalıb. Çalışırıq ki, işimizin öhdəsindən gələk.
- Hakimlik etdiyiniz müddətdə FIFA referisi kimi irəli çəkilmək şanslarınız var idi?
- 2010-2011 mövsümündə beynəlxalq dərəcəli hakim olacağıma dair söhbətlər həqiqətən də var idi. Bu barədə özümə də deyilmişdi. Həmin vaxt reytinqcə də yüksəkdə idim, yaşım da buna imkan verirdi. Oyunları isə yüksək səviyyədə idarə edirdim. Çempionat "6-lıq" sistemi ilə keçirilirdi. Mən isə ilk "6-lıq"dakı bütün ağır oyunlara təyinat alırdım. Elə mövsüm olurdu ki, ikinci "6-lıq"dakı oyunlardan heç birini idarə etmirdim. Sonradan yaş üst-üstə gəldikcə, bu amil öz sözünü dedi. Özüm 1978-ci il təvəllüdlüyəm. 38 yaşda FIFA referisi olub 3-4 ildən sonra geri çağırılmaq da münasib alınmazdı. Qaydalara görə, 45 yaşdan sonra FIFA referisi kimi beynəlxalq görüşlərə təyinat almaq mümkün deyil. Ona görə də daha gənc referilərə şans verildi. Özüm də hesab etdim ki, 40 yaş ərəfəsində beynəlxalq dərəcəli hakim olmağın əhəmiyyəti yoxdur. Yəni, irəli çəkilməməyimdə qeyri-adi bir şey olmadı. Bu, mənə aid sual deyil. Görünür, sonradan məsləhət olmayıb. AFFA Hakimlər Komitəsinin əvvəlki sədri Xaqani Məmmədova sual versəniz, səbəbini daha yaxşı o bilər. Məsləhət olsaydı, FIFA referisi edərdi.
- Bəs üzləşdiyiniz qalmaqalların təsiri nə dərəcədə oldu?
- Əsla. Qalmaqallar indi də var. Bunlardan haqlı da, haqsız da yazanlar olur. Xırda narazılıqlar hər zaman mümkündür. Sadəcə, o vaxtkı ilə indiki çempionat bir deyildi. İndi də əvvəlkilərdən çox səhvlər var, olub və olacaq da. Hakimlikdə səhvlər qaçılmazdır. Əvvəllər çempionat daha ağır idi, çempionluq uğrunda indikindən daha çox komanda mübarizə aparırdı. "Xəzər Lənkəran", "Bakı", "Karvan", "MKT-Araz" kimi güclü klublar var idi. Elə olurdu ki, çempionluq uğrunda 8-9 komanda vuruşurdu. Bu komandaların oyunlarını idarə etmək daha çətin, basqılar daha çox olurdu. Ciddi səhvə yol verdiyim 2011-ci ildə "Qəbələ" - "Neftçi" və "Rəvan" - "Xəzər Lənkəran" matçları olub. Bunlar da təbiidir. İndi də belə səhvlər var. Sadəcə, yazırdılar da. Eləsi var idi ki, obyektiv, eləsi də var idi ki, qərəzli yazırdı. Mən isə əhəmiyyət vermir, başımı aşağı salıb hakimlik edirdim.
- Hər iki oyunda səhvlərə yol verdiyinizi etiraf edirsiniz?
- Əlbəttə. "Qəbələ" - "Neftçi" oyunundan dərhal sonra səhvimi etiraf etdim. Dedim ki, tutduğum mövqedən epizodu yanlış görmüşəm. Həm də təyin etdiyim penalti zərbəsi qol olmadı və "Qəbələ" 1:0 hesabı ilə qalib gəldi. Yəni, verdiyim qərar nəticəyə təsir etmədi. Halbuki o vaxtlar və sonralar daha ağır səhvlər oldu və hətta nəticəyə təsir etdi. Amma mənim qərarımdan sonra elə süni rezonans yaratdılar ki, az qala Ramil Diniyev vətən xaini idi. Sanki Dağlıq Qarabağdakı 20 faiz torpağımızı mən satmışdım, dünyanın axırına çıxmaq istəyirəm. Jurnalistlər və klubun özü məsələni şişirtdi və mən səhvimi etiraf edərək, "Qəbələ"dən üzr istədim. Burada nə var ki?! Yeri gəlsə, səhvini etiraf etməyin özü böyüklük əlamətidir. Səhv qərar verməyim gördüyüm mövqedən qayda pozuntusu görməyim idi.
- Daha bir qalmaqallı qərarınız 2016-cı ilin mayında "Rəvan" - "Xəzər Lənkəran" matçında oldu. Qonaq komanda üçün bu görüşün Premyer Liqadakı taleyini həll edən oyun olduğunu bilə-bilə yanlış penalti təyin etməyinizə səbəb nə oldu?
- Heç kim bilərəkdən kiməsə nə isə etmək istəməz. Amma mən "Xəzər Lənkəran"ın taleyinin bu oyundan asılı olduğu fikri ilə razı deyiləm. Bu klubun taleyi daha öncədən həll olunmuşdu. FIFA və UEFA-ya borcları da mənim üzümdən yaranmamışdı ki... Futbolçular əmək haqlarının verilməməsi üzündən şikayət etmişdilər, beynəlxalq qurumlara qalaq-qalaq məktublar yazılmışdı. Zatən Premyer Liqada qalsaydı belə, "Xəzər Lənkəran" növbəti mövsüm çempionata buraxılmayacaqdı. Çünki FIFA və UEFA-nın qaydaları var, futbolçulara borcların yaranıb. Deyək ki, "Rəvan"ın lehinə penaltini səhv vermişdim, futbolçulara borcları da mən yaratmamışdım ki... O başqa məsələdir ki, oyunun nəticəsi komandaların mövqeyinə təsir etdi. Amma birinci yeri də tutsaydılar, növbəti mövsüm Premyer Liqada olmayacaqdılar.
- Amma bu gün də "Xəzər Lənkəran" rəsmiləri Premyer Liqadan kənarda qalmalarında sizin xüsusi rolunuzu qabardırlar...
- Onlar mənim adımı çəkə bilərlər, özümə də deyiblər və mən cavablarını vermişəm, bu söhbəti bağlamışıq. Çox söz deyə bilərlər. Mən heç əhəmiyyət də vermirəm. İş-gücümüzlə məşğuluq. Sonradan da hakimlik etdim, yüksək səviyyəli və səhvə yol verdiyim oyunlar da oldu. Bilərəkdən səhvim olsaydı, dərhal məni hakimlikdən uzaqlaşdırardılar. Hakimliyə 2006-cı ildən başlamışam, növbəti ildən Premyer Liqa qarşılaşmalarına təyinat almışam. Yetərincə yüksək səviyyəli oyun idarə edən, təcrübəli hakimlərdən biri idim.
- Sizə qarşı ittihamlardan biri də himayə olunmağınızla bağlı idi...
- Bayaq FIFA referisi ola bilməməyimdən danışdıq. Himayə olunsaydım, beynəlxalq dərəcəli hakim adını alardım da... AFFA-nın himayə etdiyi hakim kimi nə etmişəm ki? Digər tərəfdən, mənə tapşırmışdılar ki, get, səhv penalti ver? Heç kim deyə bilməz ki, bir daha yanlış ofsayd, yanlış vərəqələr və penalti qərarları olmayacaq. Futbol inkişaf etdikcə və sürət artdıqca, əlavə köməkçi hakimlər, topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən texnologiyalar, son olaraq da VAR sistemini tətbiq etdilər. Futbolun oyun sürəti artdıqca hakim səhvləri də çoxalır. Bu da təbiidir. Çünki sürətdə ayaqlaşmaya, epizodu görməyə bilərsən. Kimin-kimisə himayə etdiyinə dair iddialar boş söhbətlərdir. Heç vaxt belə şeyləri qəbul etməmişəm və ciddi yanaşmamışam.
- Son zamanlar AFFA İntizam Komitəsi klublara qəribə cəzalar verir. Bunlar Ştuxlikin tapşırıqlarıdır?
- Əvvəla, biz də FIFA və UEFA qaydalarına uyğun hərəkət edirik. Yan xətt hakimi üçün ehtiyat bayrağın olmaması və ya topdaşıyanlara görə protokollara qeydlərin edilməsi bizim yox, AFFA nümayəndələrinin işidir. Bizim işimiz hakimin idarəçiliyinə qiymət verməkdir. Qalan məsələlərə qətiyyən cavabdehliyimiz yoxdur. Cəzalar isə yəqin ki, qaydaların pozulmasına görədir. Kim istəyər ki, yalandan kimisə cəzalandırsın.
- Bəs belə qaydalar niyə Ştuxlikin təyinatınadək yox idi?
- Nə deyim? Bu suala mən cavab verə bilmərəm.
- Elə isə "Sabah" - "Qarabağ" oyununda baş hakimin 22-ci saniyədə sarı vərəqə göstərməsini necə dəyərləndirirsiniz?
- Gəlin, məsələyə peşəkar yanaşaq. Qaydalarda yazılmayıb ki, sarı vərəqəni oyun başlayan kimi göstərmək olmaz. Ola bilsin, bunu idarəçilik baxımından deyirik. Elə bizim də yaralı yerimiz oyunun əvvəli və ya sonunda vərəqə göstərməklə bağlı olub. Belə hallar olmamalıdır. Qırmızı vərəqə varsa, 1-ci saniyədə də verməlisən.
- AFFA Hakimlər Komitəsinin əvvəlki sədri Xaqani Məmmədovla onun xələfi arasında fərq böyükdür?
- Gedənin dalınca danışmaq və gələni qiymətləndirmək bizə yaraşmaz. Onu deyə bilərəm ki, Ştuxlik çoxlu yeniliklər gətirib. Bunları da yaşayıb görərik. Premyer Liqada 11 ilədək hakimlik etmişəm, indi də hakim-inspektor kimi fəaliyyətimi davam etdirirəm. İki sədri müqayisə etmək etik cəhətdən də düzgün olmazdı. Hərəsinin öz iş üslubu var. Ştuxlik nəzərdə tutduqlarını tətbiq etməlidir. Buna hakimlər, hakim-inspektorlar və futbol ictimaiyyətinin nümayəndələri əl-ələ verərək köməklik göstərməlidirlər.