İspaniyanın "Barselona" klubunun futbolçusu Jerar Pike "Real Madrid"lə keçirdikləri İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasından sonra qalmaqala səbəb olan açıqlama verib.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi siyasi məsələlərə toxunub. O, ötən illərdə Kataloniyanın müstəqilliyini tələb edən 12 nəfərin həbs olunmasına münasibət bildirib: "İspaniya dövləti hər gün VAR sistemini müzakirə etməkdənsə, ölkədəki siyasi məhbuslardan danışsın. Bəlkə bu yolla bir az daha irəli gedə bilərik".
Məlum hadisələrdən sonra Belçikaya qaçmağa məcbur olan Kataloniyanın rəhbəri Karles Puçdemon sosial şəbəkə hesabından etdiyi paylaşımla məsələni gündəmə gətirdiyi üçün Pikeyə təşəkkür edib. Daha bir açıqlama isə La Liqanın prezidenti Xavyer Tebasdan gəlib. Qurum rəhbəri İspaniyada siyasi məhbus olmadığını, Pikenin hüquqdan anlamadığını iddia edib.