Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, həftənin axırıncı matçında Azərbaycan Kubokunun son qalibi "Keşlə" çempion titulunun sahibi "Qarabağ"ı qəbul edib. Matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 16-cı dəqiqədə Araz Abdullayev vurub.
Bu nəticədən sonra "Qarabağ" 41 xalla "Neftçi" ilə liderliyi bölüşür. Son iki pillədə qərarlaşan "Keşlə" və "Sumqayıt"ın 16 xalı var.
Qeyd edək ki, ilk oyun günündə "Neftçi" evdə "Sabah"ı 3 cavabsız qolla məğlub etdiyi halda, "Səbail" - "Sumqayıt" duelində qalib müəyyənləşməyib - 0:0. Bu gün keçirilmiş "Zirə" - "Qəbələ" görüşündə də qalib müəyyənləşməyib - 1:1.
---------------
Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda eyniadlı komanda ilə "Qəbələ" üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 57-ci dəqiqədə "Qəbələ"nin kapitanı Cavid Hüseynovun zərbəsindən sonra top "Zirə"nin müdafiəçisi Bəxtiyar Həsənalızadəyə dəyərək qapıdan keçib.
87-ci dəqiqədə isə İsmael Fofana cinah ötürməsindən sonra başla dəqiq zərbə endirib.
Bu nəticədən sonra komandaların mövqelərində dəyişiklik baş verməyib. "Qəbələ" 25 xalla 4-cü, "Zirə" 18 xalla 6-cı pillədə qalıb.
Qeyd edək ki, ilk oyun günündə "Səbail" "Sumqayıt"la qolsuz heç-heçə etdiyi halda, "Neftçi" "Sabah"ı darmadağın edib - 3:0. Tura bu gün saat 17:30-da başlanacaq "Keşlə" - "Qarabağ" matçı ilə yekun vurulacaq.
-------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun son iki oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə "Zirə" və "Qəbələ" komandaları üz-üzə gələcək. Zirə Olimpiya Kompleksinin stadionundakı qarşılaşmanı baş hakim qismində İnqilab Məmmədov idarə edəcək. Samir Abasovun baş məşqçi olduğu kollektiv 18 oyundan 17 xalla 6-cı, Sənan Qurbanovun çalışdığı "qırmızı-qaralar" isə 24 xalla 4-cü pillədə qərarlaşıb. Bu matçda qələbə qazanan tərəf turnir cədvəlində irəliləməyəcək. Əvəzində görüşün nəticəsi xal ehtiyatını yaxşılaşdırmaq baxımından faydalı ola bilər. "Zirə" qalib gəlsə, 5-ci pillədəki "Sabah"la xal fərqini minimuma endirəcək. "Qəbələ" isə qələbə qazanmaqla ötən gün "Sumqayıt"la görüşdə qolsuz heç-heçə etmiş "Səbail"lə xal fərqini 4-ə azaldacaq.
İki komanda Premyer Liqada 15-ci dəfə üz-üzə gələcək. Əvvəlki 14 görüşdə tərəflər hərəyə 4 qələbə qazandıqları halda 6 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə "Qəbələ" üstündür - 15:12. Amma “qırmızı-qaralar” son 2 matçda qol vurmayıb. Axırıncı 9 qarşılaşmada meydan sahibi olan tərəf uduzmayıb.
Günün son oyununda isə "Keşlə" "Qarabağ"ı qonaq edəcək. "ASK Arena"da təşkil olunacaq qarşılaşmaya baş hakim qismində keçmiş FIFA referisi Orxan Məmmədov təyinat alıb. Bu görüşün nəticəsi də hər iki komanda üçün böyük əhəmiyyətə malikdir. Hazırda paytaxt klubu 16 xalla 7-ci, Ağdam təmsilçisi 38 xalla 2-ci pillədə yer alıb. "Zirə" "Qəbələ" ilə matçda xal itirsə, "Keşlə" "Qarabağ"dan xal almaqla 6-cı pilləyə yüksələ bilər. "Qarabağ" isə ilk oyun günündə "Neftçi"nin "Sabah"a 3:0 hesabı ilə qalib gəlməsindən sonra liderdən 3 xal geri düşüb. Yenidən xalları bərabərləşdirmək üçün Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv səfər matçında yalnız qələbə qazanmalıdır.
Bu komandalar indiyədək çempionatda 57 dəfə üz-üzə gəliblər. "Keşlə" 13, "Qarabağ" 25 dəfə qalib gəldiyi halda, 19 matç "sülh"lə yekunlaşıb. Topların nisbətində də ağdamlılar böyük fərqlə öndədirlər - 67:38. “Keşlə” axırıncı 4 görüşdə meydanı qolsuz tərk etməyib. Son 5 matçda ən azı 2 qol vurulub.
Azərbaycan Premyer Liqası, XIX tur
3 mart (bazar)
15:00. “Zirə” – “Qəbələ” - 1:1
Qollar: İsmael Fofana, 57 - Bəxtiyar Həsənalızadə, 57 (öz qapısına)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Namiq Bəkirov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu
İlk 2 dövrədəki oyunlar - 1:0, 0:0.
17:30. “Keşlə” – “Qarabağ” - 0:1
Qol: Araz Abdullayev, 16
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Nahid Xasıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”
İlk 2 dövrədəki oyunlar - 1:1, 1:5.